Rusiya prezidenti Vladimir Putin müxalifətçi jurnalist Roman Protaseviçin Belarusda saxlanıldığı hadisə barədə danışıb.
Yeniavaz.com “lenta.ru”ya istinadla xəbər verir ki, Putin “Ryanair” təyyarəsindəki hadisəni şərh edərkən 2013-cü ildə Boliviya prezidenti Evo Moralesin təyyarəsinin məcburi endirildiyi hadisəni xatırladıb:
"Boliviya prezidentinin təyyarəsi enməyə məcbur edildi və prezident təyyarədən çıxarıldı. Bu barədə heç kəs danışmadı, sadəcə susdular. Bu hadisə 2 iyul 2013-cü ildə baş verib. Morales qaz ixrac edən ölkələrin Moskva forumundan qayıdarkən təyyarəsi İtaliyada İspaniya və Avstriyada enməyə məcbur edildi. Fransa hava məkanından və ölkələrin hava limanlarından istifadə icazələrini ləğv etdi. Səbəb Moralesin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Edvard Snoudana sığınacaq verməyə hazır olduğunu elan etməsi idi".
Putin bildirib ki, Boliviya prezidentinin toxunulmazlığına baxmayaraq, onun təyyarəsi, heyəti yoxlanıldı. Təyyarəsində heç nə tapa bilmədiləri üçün daha sonra onun uçuşa davam etməsinə icazə verildi. Ancaq bu məsələyə heç bir ölkə reaksiya verməyib.
Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilmiş və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılmışdı.