"İt və üç dollar"ın dərsi


Adəm peyğəmbər yeganə adamdır ki, yaxşı bir şey dediyi zaman bilib ki, bunu ondan əvvəl heç kəs deməmişdir. - Mark Tven  
(Adam was the only man who, when he said a good thing, knew that nobody had said it before him. - Mark Twain)


Ötən əsrin 80-ci illərinə qədər orta məktəblərimizdə təhsil almış və xarici dil olaraq ingilis dilini öyrənən hər bir kəs kimi, mənim də o illərin ingilis dili dərsliklərində ən çox xoşuma gələn mətnlərdən biri, internetin bu qədər məşhur olduğu bir vaxtda belə əsərlərinin sevilərək oxunduğu görkəmli Amerika yazıçısı Mark Tvenin “İt və üç dollar” (A dog and three dollars) hekayəsi idi. Müəllimimizin hekayənin birinci cümləsini “Mən həmişə bu əqidədə olmuşam ki, adam kişi olar” (I have always believed that a man must be honest.) kimi tərcümə etməsi ürəyimizə yağ kimi yayılar, ingilis dilindən zəif qiymət alanlar belə bu cümləni əzbərləyər, bir-birimizlə zarafatlaşardıq.

***

Biz onunla rayon mərkəzində keçirilən tədbirlərin birində tanış olduq. Yaxın oturacaqlarda əyləşdiyimizdən tədbir başlayana qədər bir az söhbətləşdik. Belə məlum oldu ki, bu vaxtacan bir-birimizi qiyabi olaraq tanımışıq – mən onun haqqında, o da mənim haqqımda eşitmişdik. Müsahibim bu müddət ərzində iş yerim və işimlə bağlı bir neçə sual da verə bildi. Adamın kifayət qədər tanınmış olması haqqında zərrə qədər şübhəm qalmadı.
Tədbirdən bir neçə gün keçmiş iş yerimdə bir vərəq yazını təqdim edib, onun tərcümə olunmasını xahiş etdilər. İnsafən demək lazımdır ki, “yaxından” tanış olduğum adam vərəqin üstünə, necə deyərlər, bir xahişnamə də tikməyi unutmamışdı. Bir vərəq yazının tərcüməsi üçün nə qədər zaman, səy və enerji sərf olunduğundan xəbərsiz cox adam elə bilir ki, xarici dil müəllimi hər şeyi, özü də dərhal dilimizə çevirməyi bacarmalıdır. Bu xahişi yerinə yetirmək üçün tərcüməçinin daha vacib nə qədər işini təxirə salmağa məcbur olduğunu hesablamaq adamların ağlına belə gəlmir. Hələ mən bunun nə qədər məsuliyyətli bir iş olduğunu demirəm.Uzun sözün qısası, bu xahişi yerinə yetirəndən bir neçə gün sonra iki vərəq xahiş olundu. Bunu da tanışlığımız naminə tərcümə etdim. Desəm, inanmayacaqsınız, bir müddətdən sonra bir neçə səhifəni tərcümə etmək xahiş olundu və bu, dəvənin belini qıran sonuncu saman kimi əsəblərimin belini qırdı. 
Xahişin xətrinə dəysə də, qələmi qəzəbimin qılıncına çevirib birinci vərəqin üstündə yazdım: Zəhmət olmazsa, Mark Tvenin “İt və üç dollar” hekayəsini oxuyun! 
Xahiş etdim ki, onu təcili olaraq, gətirən adama qaytarsınlar. 
Bir müddət heç bir səs-səda olmadı. Günlərin birində rastlaşdıq. Gülümsəyərək salamlaşdıq. Tanışım hal-əhval tutmağa imkan verməyib dedi: - Bilirəm, işin çoxdur, ancaq hörmətini edəcəkdim. 
"Mənə elə bu bəsdir, - deyib avtobusdan düşdüm, sevindim ki, adam “İt və üç dollar” hekayəsini oxuyub və nəticə çıxarıb.

***

Bənzər əhvalatlar, yəqin ki, hər birimizin başına gəlib. Birini sizinlə paylaşım:
Gənc idim. Dərs saatım az olduğu üçün rayonun üç qonşu məktəbində işləməyə məcbur olmuşdum. Bir gün dərsdən çıxıb, yolun kənarında avtobus gözləyirdim. İsti bir yaz günü idi. Avtobusdan qabaq hündüdr kuzovlu bir “ZİL” yük maşını kəndimizə tərəf dönəndə qeyri-ixtiyari olaraq əl qaldırdım, şişman bədəni ilə kabinənin az qala yarısını tutmuş, baz-burutlu sürücü bir az aralanıb maşını saxladı. Cəld yük yerinə qalxdım, beş kiliometrlik yolu qısa bir zamanda qət edib kəndimizə çatdıq. Kabinəni yüngülvari taqqıldadıb maşını saxlamasını xahiş etdim, düşüb sürücü tərəfə addımladım, ürəkdən bir “Sağ olun!” – deyib dönmək istəyirdim ki, o, uca səslə “At kuzova!” – deyib, maşını qazladı. Yığnaq yeri olduğundan küçədə xeyli adam vardı. Sürücünün sözlərini eşidənlərdən biri, - “Ay müəllim, niyə belə dedi o kişi?" - sualını gecikdirmədi. Mən də cəld cavab verdim: - "İşin yoxdursa gözlə, qayıdanda özündən soruşub cavabını mənə də deyərsən!" 
Özümü danlaya-danlaya evə tələsdim. Niyə mən bu adamın zəhmətinə az da olsa qiymət vermədim? O zamanlar həmin yol üçün 20-30 qəpik kifayət edirdi. Sadəcə utandım bu boyda adama qəpik-quruş verməyə və onu nəzakətli bir “Sağ olun!”la sevindirmək istədim. Sən demə, səhv etmişəmmiş. O boyda maşını saxlamaq, ona təzədən sürət verib yola düşməyin zəhmətini quru bir təşəkkür ödəmirmiş. O gün-bu gündür yaxın-uzaq məsafə demədən hər hansı bir maşına əyləşsəm heç bir israrı qəbul etmədən haqqını artıqlaması ilə ödəyirəm. Elə bilirəm ki, o “ZİL” sürücüsünün dediyi eyhamla dolu “At kuzova!”* nidası indicə qulaqlarımı dələcək. 

***

Dünyanı dəyişdirmək üçün özümüzdən başlamalıyıq, çünki özümüzü dəyişdirmək dünyanı dəyişdirməkdən də çətindir. “İt və üç dollar”, müəllifin öz sözləri ilə desək, izah edir ki, “doğruluq ən yaxşı siyasətdir və adam qazanmadığı heç bir şeyi götürməməlidir.” Məsələnin digər tərəfi də var. Gərək hər kəsə qazandığını, haqq etdiyini verəsən, ödəyəsən, vaxtının və zəhmətinin qədrini biləsən! Başqalarına qiymət verməyi bacarmayanlar əslində öz qiymətlərini azaldır, özlərini nüfuzdan salırlar. Axı ətraf bizi bizdən daha yaxşı görür. Hecə deyərlər, bəlkə də:
Gözündə dan yeri 
aylı gecəsən,
Aynadı bu dünya -
bax, gör necəsən.


Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi
26.05.2021

DİGƏR XƏBƏRLƏR

Top