7 milyonluq yeyinti iddiaları ilə bağlı BNA-dan AÇIQLAMA


Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyintinin olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yenicag məlumat yayıb. Bildirilir ki, fəaliyyəti dövründə barəsində narazılıq və şikayətlərin səngimədiyi BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün 1 həftə vaxt verilib.
Mətbuat orqanının yaydığı məlumatda qeyd edilir ki, qurumun büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verilib:
“Bildirilir ki, yolların çəkilişi və təmiri çərçivəsində quraşdırılmalı olan və hərəkətin təhlükəsizliyini təmin etməli olan beş kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı aşkar olunub.
Bundan başqa, səkilərin kənarına düzülən bordur daşları isə sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirilib. Həmçinin səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin də yalnız kağız üzərində mövcud olduğu üzə çıxıb.
Bildirilir ki, ciddi qanunsuzluqlara görə Vüsal Kərimliyə gələn həftənin sonuna kimi vaxt verilib”.
Həmçinin mətbuatda BNA-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinin nəzərdə tutulması ilə də bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, yayılan məlumatlar əsassızdır: "Qeyri-ciddi və heç bir əsası olmayan yazıdır. Kiminsə yalan təxəyyülünün məhsuludur".

DİGƏR XƏBƏRLƏR

Top