Sedat Pekerin qardaşı: "O şəxs polkovnikin otağının yanında mənə "Uzi" silahı verdi və..."


Türkiyədə Sedat pekerin polis tərəfindən saxlanılan qardaşı Atilla Peker qalmaqallı açıqlama yayıb. 
Yeniavaz.com
“Cumhuriyet” qəzetinə istinadla xəbər verir ki, Atilla Peker Türkiyə prokurorluğuna müraciət edərək üstü açılmayan jurnalist Kutlu Adalı cinayəti barədə yeni detalları təqdim edib. O bildirib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçmiş direktor müavini ilə birlikdə Kutlu Adalı cinayətini həyata keçirmək üçün Kiprə gediblər:
“Korkut Eken ilə birlikdə Kiprə getdik. Mülki Müdafiə İdarəsinə daxil olduq. O dövrdə polkovnik rütbəsini daşıyan ehtiyatda olan general Qalip Mendi ilə görüşdük. Sonra Korkut Ekenlə qonşu otağa keçdik. O şəxs polkovnikin otağının yanında mənə "Uzi" silahı verdi və necə istifadə edəcəyimi öyrətdi. Sabahkı gün, ağ rəngli bir "Reno Toros" markalı avtomobillə axşam saatlarında Kutlu Adalı adlı şəxsin evinin ətrafında kəşfiyyat apardıq”. 
Bu açıqlamadan sonra adı çəkilən general Qalip Mendi iddialara cavab verib. O, cinayətlə heç bir əlaqəsinin olmadığını dilə gətirib:
“1996-cı ildə Xüsusi Təytinatlı Qüvvələr Komandanlığına təyin olundum. Təyinatımdan bir az əvvəl jurnalist Kutlu Adalı öldürülmüşdü. Korkut Eken Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş bir hərbçidir. O vaxtlar mənim yanıma gəlmişdi. Yanında Atilla Peker adlı bir adam vardı. Ancaq o gün adını bilmirdim. Sonradan Sedat Pekerin qardaşı olduğunu öyrəndim. Korkut Eken yanında bir bağlama çantası var idi. Ancaq içində nə olduğunu bilmirdim. Kutlu Adalı haqqında mənə heç nə demədi. PKK-ya dair kəşfiyyat işlərinin aparılacağını söylədi. Ona ağ rəngli bir "Reno Toros" markalı avtomobil verdik”.
Qeyd edək ki, Sedat Peker sonuncu videosunda Korkut Ekenlə Mehmet Ağarın yaxın olduğuna və bir çox üstü açılmayan cinayətlərin təşkilatçılığını etdiklərini bildirmişdi:
“O vaxtlar Korkut Eken və Mehmet Ağarla bir yerdə idim. Onların otaqları belə üz-üzə idi. Mənə dedilər ki, Kiprdə bir adam var, Kipri ​​rumlara satmaq istəyir. O zaman mən gənc adamam, həmin dəqiqə coşdum. Onu öldürməsi üçün öz qardaşımı təklif etdim. Kiprə getdilər, ancaq qətl baş tutmadı. Uca Allah bizə o insanın qanını nəsib etmədi. Sən demə Kutlu Adalı dürüst insanmış. O, narkotik və qumarın Kipri məhv etdiyini, bu proseslərin idarəolunmaz hala gəlib çatdığı barədə məqalələr yayımlayırdı. Korkut Ekenə dedim ki, qətl baş tutmadı, yenə qayıdacaqlar. O isə mənə cavab verdi ki, artıq o iş həll olunub”.

Fotoda Qalip Mendi

DİGƏR XƏBƏRLƏR

Top