Şəhid Ruslanın doğum günü qeyd edilib – FOTO


44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdılar. Onların arasında Azərbaycanın qəhrəman oğlu Ruslan Cəfərli Nəcəf oğlu da var. Ruslan 25 may 1995-ci il tarixində Mingəçevir şəhərində anadan olub.
Şəhidimiz yaşasaydı bu gün 26 yaşını qeyd edəcəkdi. Onun doğum gününü əzizləri, qohumları, oxuduğu məktəbin müəllim-şagird kollektivi Ruslansız onun məzarı başında qeyd ediblər.
Yeniavaz.com xəbər verir ki, anım mərasimində Ruslanın oxuduğu Mingəçevir 4 saylı tam orta məktəbin direktoru Azər Qazıyev çıxış edərək Ruslan haqqında öz ürək sözlərini bildirib.

Qeyd edib ki, 44 günlük Vətən müharibəsində 4 saylı məktəbin 3 məzunu şəhid olub. Hər 3 şəhid məzun məktəbin fəal şagirdlərindən olublar. Şəhidin oxuduğu məktəbin şagirdləri onların xatirəsini şerlərlə yad ediblər.
Mingəçevir Şəhər icra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidlərin ailələrinə baş saglığı verib. Bildirib ki, şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, şəhər rəhbərləri  şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.
Xatırladaq ki, Ruslan Cəfərli  2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağrılıb, 2015-ci ildə isə tərxis edilib. Şəhid əsgər Cəfərli Ruslan 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Tərtər-Ağdərə istiqamətində vuruşub. Cəfərli Ruslan noyabrın 21-i Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilb. Vətənin bütövlüyü uğrunda canından keçən, ölümü ilə ölməzlik qazanan qəhrəman, sənsiz keçən doğum günün mübarək!

Esmira Hidayətova, Mingəçevir 

DİGƏR XƏBƏRLƏR

Top