Binali Yıldırımın kokain alverində adı hallanan oğlunun müəmmalı səfəri təsdiqləndi – FOTO


Türkiyənin keçmiş baş naziri Binali Yıldırımın kokain alverində adı hallanan oğlu Erkam Yıldırımın Venesuelada çəkilən fotoları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bəhs edilən görüntülər və bu barədə məlumatları türkiyəli araşdırmaçı jurnalist Cüneyt Özdemir yayıb. Onun sözlərinə görə, Sedat Pekerin, “Binali Yıldırımın oğlu kokain ələ keçirildikdən sonra Venesualaya gedib” iddiasından sonra həmin məsələni araşdırıb:
“Mən Venesuelada olmuşam, orada mənbələrim var. Sedat Peker, “Erkam Yıldırım Venesuelaya gedibmi getməyibmi, araşdırın” deyə bildirib. Mən cavab verirəm: gedib. Onun yanvar və fevralda getdiyini bilmirəm, ancaq, 6 dekabr 2020-ci ildə Venesuelada olub. Onunla birlikdə keçmiş millət vəkilləri və ali seçki heyəti də gedib. Səfərin səbəbi Venesuelada keçirilən seçkilərin müşahidəsi kimi göstərilib. Ən qəribəsi isə odur ki, Erkam Yıldırım həmin heyətlə bərabər gedib, ancaq, heyətin üzvü deyil. Nə üçün gedib bilinmir. Həmin fotoların Türkiyənin Venesueladakı səfirliyinin tvitter hesabında paylaşılıb”. 
Qeyd edək ki, türkiyəli mafiya başçısı Sedat Peker dünən “youtube” vasitəsilə yayımladığı videoda Türkiyənin keçmiş baş naziri Binali Yıldırımın oğlu Erkam Yıldırımın kokainə görə Venesuelaya getdiyini iddia etmişdi:
“Türkiyəyə gələn kokainin ələ keçirilməsindən sonra Venesuelaya kim getdi? Sabiq baş nazir Binali Yıldırımın oğlu Erkam Yıldırım bəy. Bu ilin əvvəlində o kokain ələ keçirildikdən sonra Erkan bəy Venesuelaya getdi və 4 gün yanvarda, 4 gün də fevral ayında orada qaldı. Karakas limanı var, oradan quru yük gəmiləri birbaşa Türkiyəyə gələ bilir, ancaq konteyner gəmiləri Dominikanda dayanıb sonra ölkəmizə gələ bilir. Əsas gələn kokainlər Dominikan üzərindən deyil, birbaşa gələ bilir".
Sedat Peker Erkam Yıldırımın Kiprdə də bəzi qeyri-qanuni işlərə qarışdığını, bütün məsələlərin aydın olması üçün Erkan Yıldırımla Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə əlaqələrinin araşdırılmasının vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top