Miqrasiya Xidməti 10 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi – 50 min manat ayıracaq – FOTOFAKT

Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən tender müsabiqələrinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibi “Tufan Company” MMC (VÖEN-1202778391) olub.
“Tufan Company” MMC “abadlaşma işləri” üçün 43 min 302 manat 12 qəpik, “Miqrasiya Xidmətinin Mərkəzi Aparatı ərazisində kanalizasiya və yaşıllığın suvarılması üçün boru xətlərinin yenilənməsi işləri” üçün isə 7 min 236 manat alacaq.
Tender müsabqiəsilə bağlı diqqət çəkən məqam odur ki, Dövlət Miqrasiya Xidmətinin 50 min manatlıq tender müsabiqəsinin qalibi olan “Tufan Company” MMC müsabiqə elanından cəmi 10 gün əvvəl dövlət qeydiyyatın alınıb.
Dövlət Miqrasiya Xidməti tender müsabiqəsini 20.04.2021-ci il saat 9:55 tarixində elan edib. Elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 20.04.2021-ci il saat 10:00-dan 21.04.2021-ci il saat 10:00-a kimi qəbul olunacağı qeyd olunub.
Maraqlıdır ki, sənəd qəbulu üçün cəmi bir gün vaxt verilib və bu müsabiqənin də qalibi 09.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınan “Tufan Company” MMC olub.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Tufan Company” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Mərdəkan ŞTQ, Qurban İsmayılov ev 1, m 17-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Elçin Hafiz oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 10 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.



A.  Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top