Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılıb.
Yeniavaz.com "BBC"ə istinadla xəbər verir ki, sərnişin təyyarəsi MİG-19 qırıcılarının müşayiətilə endirilsə də, bomba və ya hər hansı partlayıcı maddə tapılmayıb.
Mətbuata açıqlama verən sərnişinlərdən biri Protaseviçin saxlanılarkən təyyarədəki insanlara edam cəzası ilə üz-üzə olduğunu söylədiyini bildirib.
"Ryanair" şirkəti məsələ ilə bağlı açıqlamasında təyyarənin Belarusun Hava Nəqliyyatı Nəzarəti Xidməti tərəfindən təhlükəsizlik təhdidi ilə əlaqədar xəbərdar edilərək Minskdəki hava limanına enməyə məcbur edildiyini bildirib.
Qeyd edək ki, R. Protasevic Belarusda əhəmiyyətli rola malik mətbuat orqanlarından "Nexta"nın sabiq baş redaktoru və aktiv ictimai fəaldır. O 2017-ci ildə Belarusun paytaxtı Minskdə etiraz aksiyasını işıqlandırmağa çalışarkən saxlanılmışdı.