Şəhid anası olan erməni qadın: "Oğlumu Şəhidlər Xiyabanında dəfn etməyi təklif etdilər…" – FOTOLAR

"Boş yerə narahat oldum. Əksinə, hamı məni qorudu. Erməni olduğumu gizlətmədim. Gənc uşaqlar müharibədə ölürlər, mən, qoca qadın, niyə həyata davam etməliyəm? Bacardığım qədər kömək etdim. Birlikdə ağladıq, uşaqları dəfn etdik".
Yeniavaz.com xəbər verir ki, bu sözləri “RİA Novosti” xəbər agentliyi 1-ci Qarabağ müharibəsində şəhid olan Samir Əliyevin anası Mariya Əliyeva (Karapetyan) deyib.
Mariya Əliyeva bildirib ki, o milliyətçə ermənidir və Bakının Maştağa kəndində yaşayır.
70-dən çox yaşı olan Mariya valideynlərilə birgə 1956-cı ildə Rusiyadan Azərbaycana köçüblər. Babalarının Ermənistanın Gorus rayonundan Sibirə sürgün olunduğunu bildirib. Bakıya köçdükdən sonra burada azərbaycanlı ilə ailə həyatı qurub və 4 övladı olub.
Böyük oğlu Samir 19 yaşında 1-ci Qarabağ müharibəsinə şəhid olub.
“Samir uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Dərsdən sonra qaçaraq gəldi, məni qucaqladı və dedi ki, ana, mən böyüyəcəyəm, əsgər olacağam və səni qoruyacağam. Naxçıvanski adına hərbi məktəbə daxil oldu. İlk Qarabağ müharibəsi zamanı orduya çağırıldı və beləcə öldü", - deyə Mariya Əliyeva bildirib.
Mariya Əliyeva deyib ki, həyat yoldaşımın valideynləri həmişə erməni gəlinlərinin ən gözəl və sevimli olduğunu deyirdilər: “Onlardan bir dənə də pis söz eşitməmişəm. Dörd övlad dünyaya gətirmişəm”.
Mariya Əliyevanın dediyinə görə, səlahiyyətli şəxslər oğlunu Bakının mərkəzindəki Şəhidlər Xiyabanında dəfn etməyi təklif ediblər. Lakin, o bundan imtina edib. “Hər gün onun yanına gedə bilmək üçün evə daha yaxın basdırılmasını istədim”,- deyə Mariya Əliyeva bildirib. 
Xəbər agentliyi yazır ki, qonşular da onunla mehriban davranırlar. “Qarabağda müharibə başlayanda onu heç kim barmağı ilə göstərmədi və erməni olduğuna görə qınamadı. O, bizim üçün əzizdir”, - bu sözləri də Mariya Əliyevanın qonşuları deyib.

DİGƏR XƏBƏRLƏR

Top