"Qaçqınkom" köçkünlər üçün tikilən qəsəbəni icazəsiz tikib? – FAKTLAR + VİDEO


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna Kürdəmir rayonunun Xırdapay kəndində və Samux rayonunun Seyidlər kəndində yeni qəsəbələrin tikilməsinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yer alıb. 
Məlumatda qeyd olunur ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Kürdəmir rayonunun Xırdapay kəndində 563 ailəlik, Samux rayonunun Seyidlər kəndində isə 200 ailəlik yeni yaşayış məhəlləsi inşa edəcək.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 4 mərtəbəli yaşayış binalarından başqa yaşayış məhəllələrində məktəb, klub, həkim məntəqəsi və digər inzibati binalar inşa edəcək. 
Qeyd edək ki, Kürdəmir rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi “Azərdövləttikintilayihə” Samux rayonunda salınacaq yaşayış məhəlləsinin layihəçisi isə “Bakı Torpaq” MMC olub.
Onu da bildirək ki, Komitə Şəhərsalma sənədlərinə uyğunluq barədə rəyi və tikintiyə icazəni bu ilin aprel ayında verib.
Lakin maraqlı məqamlardan biri odur ki, bu ilin aprel ayında Kürdəmir rayonunda "tikilməsi"nə icazə verilən 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi 2019-cu ildə istifadəyə verilib. 
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri rəhbərlik edir.

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top