“Alçaldıcı məğlubiyyətlərinin səbəblərindən biri onların diasporu idi”


“Ermənistan həmişə hesab edir ki, onların diasporu var və bu diaspor onlara kömək edir. Lakin İkinci Qarabağ müharibəsinin nəticəsinə baxsaq görərik ki, onların alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi”. 
Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bir santimetr belə ərazinin geri qaytarılmaması iddiası erməni diasporunun ideoloji mahiyyəti idi: “Hamımız yaxşı bilirik ki, onlar əksər hallarda yaşamaq üçün ən yaxşı şəhərləri seçirlər. Bu, istər ABŞ-da Kaliforniya olsun və ya cənubi Fransa olsun, yaxud Rusiyanın cənubu və Latın Amerika olsun. Onlar çox rahat mühitdə yaşayırlar. Onların əksəriyyəti özlərinə yaxşı biznes qurub. Onlar çoxsaylı diaspor təşkilatları yaradır və həyatlarından zövq alırlar. 
Qarabağda yaşayanların həyat standartları onları heç o qədər də maraqlandırmır. Biz əraziləri işğaldan azad etdikdən sonra, - bu ərazilərin bəzi hissələrində ermənilər qanunsuz məskunlaşmışdı, - erməni əhalisinin yaşadığı yerlərə getdikdə mən şoka düşdüm. Çünki bu ərazilər sanki gecəqondular idi. Bu, XXI əsrin yaşayış standartları ilə bağlı hər hansı normal anlayışdan kənar bir şey idi. Tam yoxsulluq var idi. Tam yoxsulluq, işsizlik və bu insanlar fransız rivyerasında və ya Kaliforniyada yaşayan diasporun bəzi iddiaları, emosiyaları və ya məqsədləri xatirinə girov kimi saxlanılmışdır. Buna görə Ermənistanın indi bu vəziyyətdə olmasının səbəblərindən biri diaspordur”.

DİGƏR XƏBƏRLƏR

Top