Agentlikdən sahibkarın iddiaları ilə bağlı açıqlama: "Bank sənədləri AKİA-ya təqdim etməyib"


Sahibkar Nadir İbrahimovun Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kreditin verilməsində ona maneələr yaratması ilə bağlı iddiaları barədə xəbər vermişdik.
Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal sahibkarın iddiaları ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, yeni kredit sifarişinə dair sənədlər müvafiq bank tərəfindən Agentliyə daxil olmayıb:
"Fermer Nadir İbrahimov daha əvvəl AKİA vəsaiti ilə damazlıq heyvan almaq üçün 7%-li kredit əldə etmiş və eləcə də AKİA tərəfindən təqdim olunan digər dövlət dəstəyi mexanimzlərindən də maneəsiz yararlanmışdır. 
Araşdırma zamanı onun yeni kredit müraciətinə bankda baxıldığı, lakin yekun sənədlərinin AKİA-ya daxil olmadığı müəyyənləşdirilmişdir. Sözügedən yeni kredit sifarişinə dair sənədlər Agentliyə təqdim olunduqdan sonra mövcud qaydalar çərçivəsində müraciətinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir".
Xatırladaq ki, N. İbrahimov heyvandarlıq təsərrüfatını yem ehtiyatı ilə təmin etmək üçün “Rabitəbank”a müraciət etdiyini, bankın ona 70 min manat dəyərində kredit verilməsi ilə bağlı qərarına baxmayaraq, AKİA-nın kreditin verilməsinə maneələr yaratdığını iddia etmişdi.
Qeyd edək ki, AKİA "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında formalaşdırılıb.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top