"Bitkoin" nədir və onu necə alıb-satmaq olar?


Son vaxtlar dünyada, o cümlədən də Azərbaycanda, ən çox müzakirə olunan mövzulardan biri də kriptovalyuta və ya virtual (rəqəmsal) valyuta kimi tanıdığımız "Bitkoin"in qiymətinin kəskin yüksəlməsidir. İnternet üzərindən alınıb-satılan "Bitkoin"in qiyməti hazırda 54-55 min dollar arasında dəyişir. Cəmi bir il əvvəl - 2020-ci ilin mart ayında "Bitkoin"in qiyməti 9 min dollar idi. Son bir il ərzində "Bitkoin"in qiymətinin 6 dəfədən çox artması bu virtual valyutaya olan marağı da yüksəltdi.

"Bitkoin" nədir?
"Bitkoin" ilk dəfə 2008-ci ildə ortaya çıxdı. Bu virtual valyutanın Satoşi Nakamoto adlı şəxs tərəfindən hazırlandığı deyilir. Lakin Satoşi Nakamotonun kim olduğu və harada yaşadığı barədə məlumat yoxdur. Ümumiyyətlə, real həyatda Satoşi Nakamoto adlı bir şəxsin olub-olmadığı da məlum deyil. Lakin, dəqiq məlum olan odur ki, dəyəri 55 min dollar olan "Bitkoin"in dövriyyəsi sürətlə artmaqdadır.
Qısaldılmış adı BTC olan və "?" simvolu ilə işarə edilin "Bitkoin"i əllə tutmaq, gözlə görmək mümkün deyil. Bu valyuta xüsusi alqoritmdən istifadə olunaraq yaradılan şifrələnmiş məlumatlardan ibarətdir. İnternetdə mövcud olan digər məlumatlardan (foto, video, musiqi və s.) fərqli olaraq "Bitkoin" yalınz blokçeyn texnologiyası əsasında mövcud ola bilər.

Blokçeyn texnologiyası nədir?
"Bitkoin"in nə olduğunu başa düşmək üçün mütləq blokçeyn texnologiyasının necə işlədiyini bilmək lazımdır. Blokçeyn texnologiyasını rəqəmsal reyestr də hesab etmək olar. Bu texnologiya "Bitkoin"lə birlikdə ortya çıxdı.
Blokçeyn texnologiyası digər rəqəmsal reyestrlərdən fərqi odur ki, burada məlumatlar vahid bazada toplanmır və heç kim bu məlumatları dəyişdirə bilmir. Blokçeyn texnologiyasına əsaslanan məlumat bazası eyni vaxtda milyonlarla kompüterə bağlı olur. Hər hansı yeni bir məlumat daxil edildikdə həmin məlumatın mövcud olduğu digər daşıyıcılarda da bu məlumatla bağlı müvafiq qeydlər aparılır. Məsələn, siz yeni bir "Bitkoin" aldığınız və ya satdığınız zaman bu məlumat dünyada mövcud olan digər "Bitkoin"liədəki məlumatlarla uyğunluq təşkil etməlidir. Yeni "Bitkoin" köhnə "Bitkoin"lərin mübadiləsi (alqı-satqısı) zamanı yaranır və mürəkkəb alqoritm zəncirinin bir halqasına çevrilir. Bunu sadə dildə belə izah etmək olar: Siz hər hansı bir internet resursa (sayt, sosial şəbəkə və s.) foto ya da video əlavə edirsiniz və bu zaman internetdə olan digər foto və videolarla hansısa formada təmasda olmursunuz. Amma "Bitkoin" aldığınız, ya da satdığınız zaman internetdə mövcud olan milyonlarla "Bitkoin"lərdə müvafiq dəyişikliklər edilir.

"Bitkoin" necə əmələ gəlir?
"Bitkoin"ləri real valyuta kimi istənilən sayda artırmaq mümkün deyil. Yeni "Bitkoin" bu valyutanın mübadiləsi zamanı ortaya çıxır və mürəkkəb alqoritmə əsaslanır. Hazırda dünyada təxminən 18,3 milyondan çox "Bitkoin" var və onların sayı 21 milyona çatdıqda dayanacaq. Ümumiyyətlə, "Bitkoin"lə bağlı bütün məlumatlar olduqca dəqiq riyazi hesablamalara əsaslanır. "Bitkoin"lərin sayının 21 milyona çatacağı tarix isə 2140-cı il olaraq hesablanır.

"Bitkoin"i necə almaq olar?
"Bitkoin" almaq üçün bu işlə məşğul olan internet portallardan birinə daxil olaraq orada xüsusi kabinet - "virtual pul qabı" yaratmalısınız. Bunun üçün tələb olunan məlumatları (ad, soyad, e-mail və s.) daxil etmək lazımdır. Alqı-satqı əməliyyatlarının təhlükəsizliyini "virtual pul qabı"nın olduğu saytlar təmin edir. Bu səbəbdən "virtual pul qabı"nı hansı saytda açacağınızı diqqətlə araşdırmağınız məsləhətdir. Açdığınız hesaba satın alacağınız "Bitkoin"in qiymətinə mütənasib olaraq real pul yerləşdirmək lazımdır. Onu da qeyd edək ki, "Bitkoin" real pul olmadığı üçün onun hər hansı bir nominal dəyəri də yoxdur. Bir "Bitkoin" 55 min dollara satılır deyəndə, buradakı "bir" sözü şərtidir. Bir "Bitkoin" milyonlarla hissəyə bölünə bilər. İstəsəniz, hətta 1 dollarlıq "Bitkoin" də satın ala bilərsiniz. "Bitkoin" satın aldığınız zaman sizin şəxsi hesabınıza xüsusi kod göndərilir. Bu kod blokçeyn texnologiyası əsasında, yəni xüsusi alqoritmə dayanaraq tərtib olunur və sizdən başqa heç kim bu kodu bilmir. Gələcəkdə siz köhnə hesabınızı ləğv edib, yeni hesab açsanız da, bu kod vasitəsilə "Bitkoin"i alıb-sata bilərsiniz. Qısaca olaraq qeyd etmək olar ki, bu kod həm də "Bitkoin" deməkdir. Lakin "Bitkoin" alqı-satqısı ilə məşğul olmazdan əvvəl yaşadığınız ölkənin qanunvericiliyinə nəzər salsanız, yaxşı olar. Çünki bəzi ölkələrdə virtual pulların dövriyyəsinə qadağa qoyula bilər. Məsələn, İndoneziya, Çin, Rusiya və s. kimi ölkələrdə virtual pullarla bağlı müxtəlif məhdudlaşdırıcı tədbirlər görülür.

"Bitkoin"in qiymətini kim müəyyən edir?
"Bitkoin"in qiyməti sərbəst bazar şərtləri əsasında, yəni tələb və təklif əsasında formalaşır. Bir tərəfdə "Bitkoin" satanlar, digər tərəfdə isə "Bitkoin" alanlar dayanır. Qiymətlər də milyonlarla alıcı və satıcının təklifləri əsasında formalaşır.

Pul ödəmədən "Bitkoin" əldə etmək olarmı?
Heç bir ödəniş etmədən "Bitkoin" əldə etməyin bir çox yolları var, amma heç nə etmədən "Bitkoin" əldə etməyin yolu yoxdur. Qeyd etdiyimiz kimi "Bitkoin" əldə etmək üçün mütləq "virtual pul qabı"na sahib olmalısınız. Günümüzdə bəzi onlayn alış-veriş mağazaları öz müştərilərinə bonus olaraq "Bitkoin" təqdim edir. Məsələn, hansısa A mağazası elan edir ki, bizdən 500 manat dəyərində məhsul satın alsanız, bonus olaraq sizə "Bitkoin" veriləcək. Eyni zamanda hazırda pulsuz "Bitkoin" əldə etməyin mümkün olduğu veb-saytlar fəaliyyət göstərir. Həmin saytların müəyyən etdiyi şərtlərə əməl edərək "Bitkoin" əldə etmək olar. Hansısa sayt yaza bilər ki, bizim sayta gün ərzində 100 dəfə daxil olan şəxs "Bitkoin" qazanacaq. Bəzi saytlar isə "Bitkoin" alqı-satqısı zamanı düzgün təxminlər verə bilən şəxslərə qazanılan "Bitkoin"dən pay verə bilər. Sahib olduğunuz "Bitkoin"ləri real pullarda olduğu kimi müvəqqəti olaraq başqasına da verə bilərsiniz.

"Bitkoin"i harada xərcləmək olar?
Hazırda "Bitkoin"lə satış həyata keçirən şirkətlərin sayı sürətlə artmaqdadır. Real pullarla edilən alış-verişi "Bitkoin"lə də rahat şəkildə etmək mümkündür. Onlayn alış-verişlər zamanı ödənişi "virtual pul qabı"nızdakı "Bitkoin"lər vasitəsilə edə bilərsiniz. Pərakəndə satış yerlərində isə mobil telefona yüklənən xüsusi tətbiqetmələrdən və ya "Bitkoin" plastik kartlarından istifadə etmək olar.

Virtual pul yalnız "Bitkoin" deyil
Virtual pul deyəndə ağla gələn ilk ad "Bitkoin" olur. Lakin, "Bitkoin" yeganə virtual pul deyil. Son vaxtlar "Bitkoin" qədər olmasa da, dəyərini sürətlə artıran virtual pullar var. "Bitkoin" kimi blokçeyn texnologiyası əsasında mövcud olan virtual pullardan bəziləri bunlardır: "Byteball Bytes", "Bitcore", "Ethereum", "Ripple", "Bitcoin Cash", "NEM", "EOS", "Monero", "Bitcoin Gold", "MinexCoin", "RussiaCoin", "SmartCash", "Particl", "Emercoin" və digərləri... Onu da qeyd edək ki, istənilən şəxs öz virtual pulunu hazırlaya və dövriyyəyə buraxa bilər.

Fraza jurnalı,
Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top