Türkiyədən deportasiya edilən "Lotu Quli" ora necə geri dönüb? – Nazir Soyludan AÇIQLAMA


Türkiyəli mafiya lideri Sedat Peker növbəti dəfə qalmaqallı video yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, Sedat Peker “youtube” vasitəsilə yayımladığı videoda azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovun həbsi məsələsinə də toxunub. O bildirib ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu M. Mənsimovun tərəfini saxlayan tanınmış jurnalist Hadi Özışıkı xəbərdarlıq edib:
"Hadiyə deyir ki, sən sən ürək yemisən? Mübarizin tutulmasını Azərbaycan istəyib. Adam (Mübariz Mənsimov) SOCAR-a 1 milyard 300 milyon dollar dəyərində məhkəmə iddiası qaldırdı deyə Azərbaycan onun həbsini istəyib... Mən əvvəllər Çeçenistana yardım göndərirdim. Bunu təkzib etmirəm. O zaman da məni Rusiya istədi deyə həbs etmişdilər. Rusiya istədi deyə adamı həbs edərlər?! Ortada cinayət varmı, cinayətlə bağlı hansısa sübut varmı?!"
Məlumat üçün deyək ki, Hadi Özışık “internethaber” saytının rəhbəridir. Süleyman Soyluya yaxınlığı ilə tanınır. Peker dünən onunla bağlı qeydə aldığı görüntüləri yayımlamışdı. Orada Özışıkın Süleyman Soylu ilə Peker arasında vasitəçi olduğu olduğu ortaya çıxmışdı. 
Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Sedat Pekerin “Lotu Quli” ləqəbli Nadir Səlifov barədə səsləndirdiyi iddialara cavab verib. Soylu “Lotu Quli”nin vaxtilə Türkiyədən deportasiya edildiyi halda necə geri dönə bildiyi haqda danışıb:
“Dünyanın 12 ən güclü mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov deyilən adam 20 il həbsxanada olub. Səlifovu tutub həbsə atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən məhkəmə qərarının ləğvinə nail oldular. Amma buraxmadıq, 2-2.5 ay orada saxladıq, dindirdik. Sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport alaraq, Kiprə getdi, oradan da Türkiyəyə gəldi. Daha sonra isə yaxın mühafizəçisi tərəfindən güllələndi”.
Xatırladaq ki, Sedat Peker İstanbulda öldürülən kriminal avtoritet “Lotu Quli”nin Türkiyədə polis cinayətində adının hallanmasına baxmayaraq həbs edilməməsinə, deportasiya edildikdən sonra yenidən Türkiyəyə gələ bilməsinə diqqət çəkmişdi.

DİGƏR XƏBƏRLƏR

Top