Mingəçevir sakinini döyərək öldürən şəxs tutulub – YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Mingəçevir şəhər sakini Eldar Abbasovun döyülərək öldürülməsi barədə məlumatlar yayılmışdır.
Hadisə ilə Baş Prokurorluqdan Yeniavaz.com-a açıqlama verilib.
Bildirilir ki, mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən  xəstəxanada ölmüşdür.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

***20 may, saat 14:00
Mingəçevirdə qətl hadisəsi törədilib.

Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi 11 ünvanında 3 nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Şəki rayon sakini R. Salamov saxlanılıb.
Mingəçevir Xəstəxanasının cərrahı Knyaz Yusifli Yeniavaz.com-a bildirib ki, döyülən şəxs Rizvan Məmmədova əng sümüklərinin, burun, çənə sümüklərinin sınığı diaqnozu qoyulub. Xəstəyə ilk yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top