“Sabunçu icra hakimiyyətindən 5 min istədilər, 3 min verdik, evimi sökdülər” – FOTOLAR


“Ötən ilin sentyabr ayında Sabunçu rayonunun Maştağa qəsəbəsində özümə məxsus, rəsmi çıxarışı olan torpaq sahəsində, layihəsini aidiyyatı qurumlara təqdim etdiyim evi tikdirməyə başladım. Evi tikdirib, dam örtüyünü vurmuşdum. Lakin noyabr ayının 19-da icra strukturlarının əməkdaşları əllərində heç bir məhkəmə qərarı olmadan, gəlib evimi dağıdıblar”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Tağıyev Ramid Ramiz oğlu deyib. O bildirib ki, evinə 7 min manata yaxın zərər dəyib:
“Özüm Bakı şəhəri, Nizami rayonunda kirayədə yaşayıram. Sabunçu rayonunun aidiyyatı polis və prokurorluq orqanlarına müraciət etdim, müraciətimə baxmadılar. Sabunçu rayon məhkəməsinə müraciət etdim, qərar çıxartdılar ki, guya evimi özüm dağıtmışam. Daha sonra apelyasiya məhkəməsinə müraciət etdim və məhkəməni uddum. Məhkəmə Ramazan bayramından bir həftə əvvəl qərar çıxartdı ki, qərar ləğv olunsun və cinayət işi açılsın. Amma hələ də cinayət işi açılmayıb. Evimin qabağı söküldüyü vəziyyətdə də qalır. Sabunçu Rayon İcra Hakimiyyətindən hər dəfə məktub göndərirlər ki, evin sənədləri yoxdur. Lakin evin sənədləri var, hətta layihəsi də var. Sənədləri prokurorluq orqanlarına təqdim etmişəm”.
R. Tağıyev evi inşa etdiyi torpaq sahəsinin çıxarışını və evin tikilməsi üçün təqdim etdiyi layihənin fotolarını da redaksiyamıza təqdim edib:



O bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən ona evini bərpa edib yaşaması ilə bağlı xəbər göndərilib:
“Məni icra hakimiyyətinin işçiləri çağırıb dedilər ki, “müəllim deyir ki, evi özünüz bərpa edin, yaşayın”. Dedim, get müəllimə de ki, mən kasıb admam, imkanım yoxdur. Layihəni təqdim edən zaman bizdən 5 min manat pul istəmişdilər. Onun 3 min manatını verdik, 2 min manatına gücümüz çatmadı deyə, belə etdilər”.


Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top