Bir-birindən xəbərsiz, eyni gündə şəhid olan xalaoğlanları – FOTOLAR+VİDEO


Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Şəhidlərimizi tanımaq və gələcək nəsillərə tanıtmaq isə  bizim vətəndaşlıq borcumuzdur.
Qəhrəman şəhidlərimizdən biri də 40 günlük döyüş yolu keçən  mingəçevirli 20 yaşlı Təbriz İldırım oğlu Cumuzadədir. Təbrizin valideyinləri ilə onun öz evlərindəki ev muzeyində həmsöhbət olduq. Bəri başdan qeyd edək ki, şəhid haqqında xatirələrini danışmaq İldırım ata üçün çox çətin oldu. Göz yaşlarına hakim ola bilmədi. Oğlu haqqında tək onu dedi ki, oğlu son dəfə evə zəng vurarkən atasına onları çox istədiyini deyib. O, isə "ata da səni çox istəyir" deyib. Müharibədən gələndən sonra atasına arxa dayaq olacaqdı. Təbriz 2018-2019-cu ildə hərbi xidmətdə olub. 2020-də hərbi xidmətdən döndükdən sonra səfərbərliklə könüllü olaraq sentyabrın 29-da cəbhəyə yollanıb. Əvvəllcə Gəncədə “N” hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilmişdir. Təbrizin 40 günlük döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Qəhrəmanlığı ilə yaddaşlarda qalan şəhidimizin anası Ülviyyə xanım deyir ki, oğlu bacısı oğlu Rəhimli Orxanla eyni gündə cəbhəyə yollanıb, eyni gündə də bir birindən xəbərsiz Şuşanın alınması uğrunda gedən döyüşərdə şəhid olublar:
"Təbrizim çox vətənpərvər övlad olmaqla yanaşı həm də ailə canlı bala idi. Uşaqlıq illəri də çox maraqlı keçib. Həvəsi vardı musiqiyə, gitarada çalırdı. İndi onun öz otağında ev muzeyini yaratmışıq. Təsəllimizi burdan alırıq. Atası oğul dərdinə dözə bilmir. Hər gün şəhidlər xiyabanına gedib Təbrizlə  söhbətləşir. Təbriz evin kiçik oğlu olmasın baxmayaraq sanki müdirk bir insan idi. Arzuları var idi, işləyəcək, ailə quracaqdı... Qismət olmadı. Telefonla danışanda hər dəfə “Şəhid olsam...” cümləsi ilə başlayırdı. Sanki hiss edibmiş öncədən balam.
Evimizin nəşəsi, sevinci idi. Danışan, gülən, şən biri idi oğlum. O gedəndən evimizdən gülüş səsləri kəsilib. İndi ondan yalnız xatirələri qalıb, danışdıqca bitmir”.


Təbriz Şuşa uğrunda döyüşlərdə iştirak edib. Yoldaşları danışır ki, o həm döyüşüb, həm də yaralı əsgərləri daşıyıb.
“20 yaşı olmasına baxmayaraq, elə döyüşüb ki, sanki dəfələrlə müharibədə iştirak edib. Sanki hazırlıqlı idi bu günə. Bizi darıxmağa qoymurdu, kefimiz olmayanda çalşırdı üzümüzü güldürsün. Hamımızdan balaca idi, amma ürəyi bəlkə də hamımızdan böyük...” – deyə xidmət yoldaşlarından biri danışıb. Balamın nəşi 18 gün axtarışdan sonra tapılıb. Noyabrın 26-sı Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin anası Ülviyyə xanım deyir ki, Təbrizin adına yaratdıqları ev  muzeyinə  məktəbliər, dostları, kim istəsə gəlib baxa bilər.

Təbrizin özündən başqa bir qardaşı da var.
Təbriz Cumuzadə noyabrın 8-dən 9-na keçən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Qeyd edək ki, ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 
Azərbaycan  ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə, Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra “Cəsur döyüşçü”medalı  ilə təltif edilib. 
Şuşanın  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edillib.
Allah igid, qəhrəman şəhidimizə rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top