Qazi: "Müharibədən əvvəl işləyirdim, pis-yaxşı dolanırdıq, indi acınacaqlı vəziyyətdə yaşayıram" – FOTOLAR


"Atam 3-cü qrup əlildir. Özüm də dəyənəklərlə, çətinliklə yeriyirəm. Müharibədən əvvəl özüm işləyirdim, pis-yaxşı dolanırdıq. İndi bu vəziyyətdə işləyə bilmirəm, acınacaqlı vəziyyətdə yaşayıram".
Bu sözləri Yeniavaz.com-a müraciət edən Goranboy rayon Səfikürd kəndinin sakini, Vətən müharibəsi qazisi, Hüseynov Xəyyam Asif oğlu deyib. O bildirib ki, Goranboy Rayon İcra Hakimiyyətindən ona kömək olunacağına dair söz versələr də, heç bir kömək göstərilməyib:
“Müharibə başlayan zaman səfərbərlik elan olundu. Mən də çağırıldım və döyüşlərə qatıldım. Gülüstan,Talışkənd, Suqovuşanda gedən döyüşlərdə iştirak eləmişəm və oktyabrın 16-sı Ağuçuq adlanan yüksəklikdə ağır yaralanmışam. Hal-hazırda dəyənəklər vasitəsilə, çətinliklə yeriyirəm. İki dəfə Goranboy Rayon İcra Hakimiyyətində qəbula getmişəm. Mənə kömək edəcəklərinə dair söz veriblər, amma hələ heç bir kömək olunmayıb. YAŞAT Fonduna müraciət etmişəm. Bildirilib ki, mənə kömək edilməsi üçün “Papanin”dən (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) yaralandığıma dair şəhadətnaməni təqdim etməliyəm. “Papanin”ə də müraciət etmişəm, bildirilib ki, 1 ay ərzində göndəriləcək. Amma hələ göndərilməyib”.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.



DİGƏR XƏBƏRLƏR

Top