"Nazirlik haqqımı tapdaladığı üçün intihara baş vururam" – TƏFƏRRÜAT


İctimai fəal Bəxtiyar Hacıyev 27 yaşlı bir gəncin intihar məktubu yazdığını və intihar etdikdən sonra paylaşması üçün ona göndərdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə B. Hacıyev feysbukda məlumat paylaşıb. O bildirib ki, gəncin intihar etməsinə səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona ödənilməli olan müavinət və sığorta haqqının ödənilməməsidir:
“Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, dünən 27 yaşlı bir gənc vətəndaş mənə intihar etməmişdən əvvəl son məktubunu yazıb, intihar etdikdən sonra paylaşmağımı xahiş etmişdi. Ona zəng edərək bir müddət səbirli olmağı xahiş etdim.
Həmin gənc hərbi xidmətdə olarkən əlillik qazansa da, əlilliyi 6 il sonra təsdiqlənib, ona öz haqqı olan müavinət və sığorta haqqını verəcəyinizi qəbul zamanı şəxsən demisiniz, amma bu günə qədər ala bilmir, nazirliyinizə müraciət etsə də, məsələ həllini tapa bilmir. Nazirliyinizin şöbə müdiri Elnur Abbasov həmin gənc vətəndaşa deyib ki, bu pozuntu Səlim Müslümovun vaxtında olub, buna görə məsuliyyət daşımırıq, get, Prezident Administrasiyasının qarşısında etiraz elə”.
Nazirliyin mətbuat katibi Fazil Talıbov isə B. Hacıyevin müraciətini feysbuk vasitəsilə cavablayıb və bildirib ki, sözügedən gənc Cabbarov Laçın Nazim oğludur və onun şikayəti əsassızdır:
“O, 2018-ci ilədək dəfələrlə nazirliyə müraciət etsə də, problemi həll edilməyib. Lakin 2018-ci ildə Sahil Babayev nazir təyin edildikdən sonra ilk qəbulunda olanlardan biri olan Laçına haqqı olan 2-ci qrup əlillik təyin edilib. Buna görə aylıq sosial ödənişlərini alır, əlilliyi olan şəxslərin imtiyazlarından istifadə edir. İndi isə vətəndaş, 2018-ci ildən əvvəlki dövrdə ona əlilik təyin edilməməsinə baxmayaraq o dövr üçün də pul ödənilməsini tələb edir. Aprelin 20-də Pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasovun onlayn qəbulunda olanda bunun qeyri-qanuni olması onun diqqətinə çatdırılıb. Təbii ki, görüşdə sizin yazdığınız kimi hansısa kinayəli məsləhətlər verilməyib. Bu şikayətçinin uydurmasıdır”.
Laçın Cabbarov isə F. Talıbova cavab verərək bildirib ki, ona 6 il gec təyin olunan əlilliyə görə ödənilməli olan 3 min 850 manat dəyərində sığorta məbləğini hələ də ala bilməyib və buna görə də intihar yolunu seçib:
"Fazil bəy, əfsuslar olsun ki, utancverici bir məsələ haqqında ofisinizdə yox, sosial şəbəkədə görüşürük. Operativ işləməniz buradan tam bəllidir. Qarşı tərəf mənəm və əmin olsanız da, olmasanız da (bu bir təhdid deyil) mən intihara baş vuracağam. Yazdıqlarınızın mənimlə heç bir əlaqəsi yoxdur. Mən heç vaxt keçən 6 ilimin davasını döyməmişəm, amma yaxşı yadıma saldınız, bunun davasını döymək mənim tam haqqımdır. Haqqım olan II qrup əlilliyi mənə niyə məhz 2013-cü ildə yox, 2019-cu ildə təyin etmisiniz? Səbəbini açıqlayın, hər kəs şahid olsun. Haqqım olan 3 min 850 manat dəyərində sığorta məbləğini mən Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirəm, səbəb (6 il sonra əlilliyin təyin olunmasına görə)? 2019-cu il, noyabr ayının 30-u Sahil Babayev məni qəbul edərkən şəxsən söz verdi ki, sığorta ödənişini almağımda mənə kömək edəcək. Qəbul keçirilmədiyini deyirsiniz. Mənim nazirim Serbiyada hər kəsi onlayn qəbul edir, məni qəbul etmir? Gülünc deyil? Çalışdığınız nazirlik haqqımı tapdaladığı üçün intihara baş vururam".

DİGƏR XƏBƏRLƏR

Top