Sedat Peker yenə "Lotu Quli" və Mübariz Mənsimovdan danışdı: "Bu məlumatlar araşdırılsın"


Türkiyəli mafiya başçısı Sedat Peker növbəti videosunda yenidən "Lotu Quli" ləqəbli Nadir Səlifov və Mübariz Mənsimovdan danışıb.
Yeniavaz.com
xəbər verir ki, S. Peker "Youtube" vasitəsilə yayımladığı videosunda bildirib ki, açıqladığı məlumatların hamısı faktlara əsaslanır:
“Mənə deyirlər ki, ortaya fakt qoy. Prokurorların işləri asan olsun deyə bir daha vurğulayıram, rus “vor” sisteminin ortaya çıxardığı qanundankənar qruplardan birinin başında olan Nadir Səlifov ("Lotu Quli") Türkiyədə polis cinayətinə qarışdığı üçün cinayətkarlıqla mübarizə polisi tərəfindən saxlanılaraq deportasiya edildimi? Bu şəxs barəsində hazırlanan sənədlərdə onun polis qatili olması ilə bağlı məlumatlar varmı? Mehmet Ağar polis rəisi Mustafa Çalışkana zəng edib, "Quli"nin sərbəst buraxılmasını istəyibmi? Telefon siqnalları və digər məlumatlara baxılsın. Nadir Səlifov deportasiya edildikdən sonra yenidən Türkiyəyə daxil olubmu? Olubsa hansı qərarla bu baş verib? Türkiyənin Dubaydakı səfirliyinə müraciət edib bununla bağlı məlumatlar məndən alınsın”.
Sedat Peker videonun davamında yenidən Mübariz Mənsimovun mülkünün əlindən alınması məsələsinə toxunub: 
"Mübariz Mənsimova aid olan 1 milyard dollar dəyərindəki liman Mehmet Ağar (Türkiyənin sabiq daxili işlər naziri) tərəfindən 29 milyon dollara satın alınıbmı? Bununla bağlı gizli ortaqlıq qurulubmu? Mübariz Mənsimovun ev həbsinin müəyyən saatlarda ləğv edilib onun məsələ ilə bağlı fikirləri alınsın". 
Sedat Peker bildirib ki, Nadir Səlifov və Mübariz Mənsimov haqqında bu məlumatlar araşdırılsın. O həmçinin qeyd edib ki, lazım olduğu təqdirdə məlumatların təsdiqlənməsi üçün kömək edə bilər. 
Xatırladaq ki, Sedat Peker bundan əvvəl yayımladığı videolarda "dərin dövlət" başçısı adlandırdığı Mehmet Ağarın, azərbaycanlı iş adamı Mübariz Mənsimovu öldürtmək üçün "Lotu Quli"ni Türkiyəyə dəvət etdiyi, daha sonra Mübariz Mənsimovu həbs etdirib milyardlıq mülkünü əlindən aldığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top