Aşıq şəhid atası: "Oğlum şəhid olandan sonra sazı əlimə almadım"


Şəhidlərimiz müstəqil Azərbaycanın müzəffər hərb tarixinin ilk səhifələrini öz qanları ilə yazaraq əbədiləşdilər, dastanlaşdılar. Bu cəsur igidlərin əksəriyyətinin yaşları onu deməyə əsas verir ki, onlar heç işğal olunan torpaqlarımızın üzünü belə görməyiblər. Amma bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atıldılar. Onlardan biri də "Vətən" ləqəbli şəhid Vüqar Eldar oğlu İsmayılovdur.
Şəhid atası ilə bu günlərdə həmsöhbət olduq. Eldar İsmayılov I Qarabağ müharibəsi veteranıdır. İkinci qrup əlildir. Oğlu ilə fəxr etdiyini deyir. Deyir ki, oğlu anadan olanda 1993-cü ildə Qarabağda müharibədə olub:

"Bu şad xəbərə sevindim, çünki ikinci oğlum dünyaya gəlirdi. Dedim onun adını "Vətən" qoyun, qoy işğalda olan torpaqlarımız azad olar. O da böyüdü bir əsgər oldu vətəninə sahib çıxdı. Biz Qarabağı ala bilmədik oğullarımız Qarabağı aldı. Oğlumla fəxr edirəm. Mən bir şeyi özümə bağışlaya bilmirəm. Oğlum dostu Hüseynlə bir gündə getmişdi cəbhəyə. Müharibədə bir-birlərindən xəbərsiz oldular. Hüseyin mənə zəng vurmuşdu Vüqarı soruşurdu tez-tez. Amma bir-birlərindən xəbərsiz şəhid oldular. Mən el sənətkarı olmuşam. Mənə el arasında aşıq Eldar deyirlər. Amma oğlum şəhid olandan sonra sazı əlimə almadım. Sazımı evimizdəki onun muzeyinə bağışladım. Amma ikinci oğlum Anar saz çalır, deyir, onunla təskinlik tapır. "Vətən"im (şəhid oğlu - red.) də sənətkar idi. Usta olub. O, şəhid olandan sonra evində işlədiyi bir nəfər gəldi ki, bəs Vüqar mənim evimi yarımçıq qoyub getdi ki, 2 aydan sonra gəlib işləyəcəyəm. Amma gedə bilmədi. Onu da deyim ki, oğlum çox vətənpərvər bir oğul idi. İki uşaq atası idi. İkinci övladının üzünü 6 gün görə bildi. Mən oğlumla fəxr edirəm ki, 30 il erməni işğalı altında olan torpaqlarımızın azad olunmasında onun da payı var. Son dəfə oğlum ayın 6-da bizə zəng vurdu. Mənə dedi ki, özümüzə yaxşı baxaq. Sən demə, bu oğlumun axırıncı zəngi imiş. Oğlum Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə oktyabrın 10-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Anam da "Vətən"imə o qədər bağlı idi ki, şəhid oğlumun 40-ı çıxan kimi anam da dünyasını dəyişdi. "Vətən"im “Suqovuşan uğrunda”, "Vətən uğrunda” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə də Allah şəfa versin”.

Şəhidin anası Səidə xanım deyir ki, oğlu öz qızına anasının adını verdi ki, anasının adını yaşadacaq:
"Amma oğlum özü yaşamadı. Məni çox istəyirdi. Bacıları olmadığına görə onlara həm bacı idim, həm də ana. Hər sözünü mənə deyirdi. Övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azad olunması uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular. Biz şəhid analarını da yaşadan bunlardır”.
Onu da qeyd edək ki, onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq. Həyatı qiymətləndirməyi bacaran insanlar ölümü də hər zaman dəyərləndirirlər. Bütün insanlar vaxtı gəldikdə bu dünyadan köçür, lakin şəhidlər haqqında “öldü” demirik. Biz hər birimiz öləcəyik, lakin şəhidlərimiz hər zaman yaşayacaqlar. Onlar Vətəni qorudular, torpaqlarımızı azad etdilər, valideynlərini, sevdiklərini nə qədər əziz, uca tuturdularsa, Vətəni də bir o qədər uca bildilər. "Vətən" də Vətənini uca tutaraq öz adını zirvələrə yazmağı bacardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top