Çempionluq Kuboku və medalların veriləcəyi məkan bəlli oldu


Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə report-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, tədbir “Neftçi” və “Qarabağ” arasındakı XXVIII tur matçının ardından təşkil olunacaq.

Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək. “Qarabağ” uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.

3-cü yerin sahibinin adına isə daha tez – “Səbail” – “Sumqayıt” və “Sabah” – “Zirə” oyunlarının ardından aydınlıq gələcək. “Zirə” xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk “3-lük”də bitirəcək.

Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi “Dalğa Arena”ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.

PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.

Qeyd edək ki, “Sabah” – “Zirə” və “Səbail” – “Sumqayıt” matçları saat 18:00-da, “Neftçi” – “Qarabağ” qarşılaşması isə saat 20:30-da başlanacaq.

Hazırda “Qarabağ”ın 57, “Neftçi”nin 56, “Zirə”nin 38, “Sumqayıt”ın 36 xalı var.

Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top