Dünyada COVID-19 peyvəndinin əsas istehsalçılarında olan 4 şirkət – “Johnson & Johnson”, “Pfizer”, “Moderna” və “AstraZeneca” gəlirlərini kəskin artırıblar.
Yeniavaz.com məşhur “statista” portalına istinadən xəbər verir ki, bu barədə məlumat şirkətlərin maliyyə hesabatlarında qeyd olunub.
ABŞ-ın “Johnson & Johnson” şirkətinin ilin ilk 3 ayındakı gəliri 6,2 milyard dollar olub. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 6,9% çox olub. Belə ki, 2020-ci ilin ilk rübündə “Johnson & Johnson” şirkətinin gəlirləri 5,8 milyard olub.
ABŞ-ın “Pfizer” şirkəti isə bu ilin ilk 3 ayında 4,9 milyard dollar qazanıb. Ötən ilin ilk 3 ayı ilə müqayisədə “Pfizer” şirkətinin gəlirləri 45% artıb.
Böyük Britaniyanın “AstraZeneca” şirkətinin gəlirləri isə daha çox artıb. 2020-ci ilin ilk rübündə 600 milyon dollar gəliri olan şirkət, bu ilin ilk rübündə gəlirlərinin təxminən 3 dəfə artıraraq 1,6 milyard dollara çatdırıb.
ABŞ-ın daha bir şirkəti - “Moderna” isə ötən ilin ilk rübünü 100 milyon dollar zərərlə başa vurduğu halda, bu ilin ilk rübündə 1,2 milyard dollar gəlir əldə edib.
Onu da qeyd edək ki, ötən həftə ABŞ prezidenti Co Bayden peyvənd istehsalını yoxsul ölkələr üçün maddi cəhətdən daha uyğun etmək üçün istehsalçı şirkətlərə müraciət edərək onları patent haqlarından müvəqqəti də olsa vaz keçməyə çağırıb. ABŞ prezidentinin bu çağırışından sonra peyvən istehsal edən şirkətlərin səhimləri kəskin ucuzlaşıb.