Rusiyada yaşayan azərbaycanlı milyarderlərin sərvəti açıqlandı – Ağalarov 500 milyon dollar itirib


Rusiyanın ən varlı 200 iş adamının siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, məşhur "Forbes" jurnalının Rusiya versiyasının açıqladığı məlumata əsasən Rusiyanın ən varlı iş adamı Aleksey Mordaşov hesab olunur. 55 yaşlı Aleksey Mordaşovun ümumi sərvəti 29,1 milyard dollara bərabərdir.
Ötən il 1-ci sırada olan 60 yaşlı Vladimir Potanin bu il 27 milyard dollarla siyahıda 2-ci sırada yer alıb. Siyahıda 3-cü sırada 26,2 milyard dollarla Vladimir Lisin qərarlaşıb.  
Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov isə 24,9 milyard dollar sərvəti olan Vladimir Lisindən sonra Rusiyanın ən varlı 4-cü şəxsi hesab olunur. 70 yaşlı Vahid Ələkbərov son bir ildə sərvətini kəskin artırıb. Qeyd edək ki, 2020-ci ilin hesabatında Vahid Ələkbərovun ümumi sərvəti 15,2 milyard dollar həcmində dəyərləndirilib.
Vahid Ələkbərovdan başqa Rusiyanın ən varlı 200 iş adamının arasına Azərbaycandan olan daha 4 iş adamı daxil ola bilib. 
Əslən Quba rayonunun "Qırmızı Qəsəbə" kəndindən olan yahudi əsilli Zarax İliev 42-ci, Qod Nisanov isə 43-ci sırada yer alıb. Hər iki iş adamının 3,4 milyard dollar sərvətinin olduğu bildirilir. Həm 54 yaşlı Zarax İlievin, həm də 48 yaşlı Qod Nisanovun sərvəti son bir ildə 700 milyon dollar artıb.
Rusiyanın ən varlı 200 iş adamının siyahısında 88-ci sırada olan Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun isə 1,4 milyard dollar sərvəti var.
Daha bir Azərbaycan əsilli iş adamı - Araz Ağalarovun sərvəti isə son bir ildə 500 milyon dollar azalıb. Ötən il 1,7 milyard dollar sərvətilə siyahıda 55-ci sırada yer alan, 65 yaşlı Araz Ağalarov bu il 1,2 milyard dollarla 100-ci sıraya geriləyib. 
Onu da bildirək ki, siyahıda erməni əsilli iş adamları arasında ən varlısı Sergey Qaliçkiy hesab olunur. Sergey Qaliçkiy Rusiyanın ən varlı 200 iş adamının siyahısında 40-cı sırada yer alıb və onun 3,5 milyard dollar sərvətinin olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top