İmanın növləri - İcmali və təfsili iman


İman, inanılacaq xüsuslar baxımıdan icmali və təfsili olmaq üzrə iki hissəyə ayrılır.

İcmali iman
İcmali iman, inanılacaq şeylərə qısa, ümumi və xülasə şəkildə iman etmək deməkdir. İmanın ən xülasə və qısa forması olan icmali iman özündə “tövhid” və “şəhadət” kəlmələrini ehtiva edir. 
Tövhid kəlməsi: “Lə iləhə iləllah Muhamməd Rəsulullah” (Allahdan başqa heç bir ilah yoxdur. Muhamməd Onun elçisidir) ifadəsidir. Şəhadət kəlməsi də: “Əşhədu ən lə iləhə iləllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluh” (Mən şəhadət edirəm Allahdan başqa ilah yoxdur. Yenə şəhadət edirəm ki, Muhamməd Allahın qulu və elçisidir) ifadəsidir.
İmanın ilk dərəcəsi və İslamın əsası və təməli bunlardır. Cənab Allahı (c.c) yeganə və tək ilah olaraq tanıyan, Həzrət Muhammədi də (s.ə.s) Onun (c.c) peyğəmbəri kimi qəbul edən şəxs əslində digər iman əsaslarını və Peyğəmbərimizin (s.ə.s) gətirdiyi dini ümumi mənada qəbul etmiş sayılır. Çünki digər iman əsasları bizə Həzrət Muhamməd (s.ə.s) vasitəsilə bildirilmişdir. Bu halda Allah Rəsulunu (s.ə.s) təsdiq etmək, gətirdiyi hökmləri də təsdiq etmək deməkdir. Burada inanılacaq şeylər ayrı-ayrılıqda deyilmədiyi üçün bu imana icmali, yəni qısa, xülasə və ümumi olaraq iman etmək deyilir. Bir insanın mömin hesab edilməsi üçün icmali iman kifayət etsə də, İslamın digər hökmlərini və inanılması lazım olan şeylərin hər birini ayrı-ayrılıqda öyrənmək və bilmək lazımdır.

Təfsili iman
İnanılacaq xüsusların hər birinə təfsilatlı və geniş bir şəkildə inanmağa təfsili iman deyilir. Təfsili imanı üç bölümə ayırmaq olar.
Təfsili imanın birinci bölümü Allaha (c.c), Həzrət Muhammədin (s.ə.s) Allahın peyğəmbəri olduğuna və axirət gününə qəti olaraq, şübhə və tərəddüd etmədən inanmaqdır. Buraya axirətə iman əlavə edildiyi üçün icmali imandan bir az genişdir. 
Təfsili imanın ikinci bölümü Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, ölümdən sonra dirilməyə, cənnət və cəhənnəmin, mükafat və cəzanın varlığına və qəza və qədərə ayrı-ayrılıqda inanmaqdır. Təfsili imanın bu ikinci bölümünə “əməntu” əsasları da deyilir.
Təfsili imanın üçüncü bölümü dedikdə Həzrət Muhammədin (s.ə.s) Allahdan (c.c) gətirdiyi, bizə qədər sağlam və səhih mənbələr vasitəsilə gəlib çatan xəbər və hökmləri təsdiq etmək nəzərdə tutulur. Digər bir ifadə ilə, təfsili imanın bu bölümü ayə və mötəbər hədislərdə öz əksini tapan hökmlərin hamısına ayrı-ayrılıqda və təfsilatlı bir şəkildə iman etməkdir. Bu mənada namaz, oruc, həcc və digər fərz ibadətləri, halal və haram olan feil və əməlləri öyrənərək bunları qəlbən təsdiq etmək təfsili imanın üçüncü dərəcəsini təşkil edir.
Müsəlman olmayan bir şəxs, yuxarıda qeyd edilən və adına icmali iman deyilən tövhid və şəhadət kəlmələrini söyləyərək İslamı qəbul etmiş sayılır. O şəxs bu iman üzrə dünyadan köçərsə, cənnətə gedər. Ancaq təfsili imanla müsəlmanın imanı güclənər, kamilləşər və sağlam hala gələr. Bir insanın Allahın (c.c) və Peyğəmbərinin (s.ə.s) əmrlərini qəlbən təsdiq etdikdən sonra fərzi fərz, halalı halal, haramı da haram olaraq öyrənib bilməsi, həyatına tətbiq etməsi lazımdır. Təfsili imanın bu üçüncü dərəcəsi “zərurəti-diniyyə” deyilən dinin inanılması və əməl edilməsi zəruri olan inanc, ibadət və insan münasibətləri (muamələt) ilə bağlı qaydalara, həmçinin əxlaqi hökmlərə inanmağı ehtiva edir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top