Rusiyada səhiyyə naziri itkin düşüb – Navalnı zəhərlənən zaman ona ilk müdaxilə edən həkimlərdən olub


Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski ov edərkən itkin düşüb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Aleksandr Muraxovski mayın 7-də təxminən saat 16: 00-da ov bazasından çıxıb və o zamandan sonra harada olduğu bilinmir. 
Məlumatda qeyd olunur ki, bir gün ərzində tanışları itkin düşən şəxsi axtarıblar və  8 may tarixində günortadan sonra polisə müraciət etdilər.
Daxili İşlər Nazirliyinin Omsk vilayətinin veb-saytında itkin düşən 1971-ci il təvəllüdlü şəxs haqqında məlumat yerləşdirilib. Yaxın vaxtlarda axtarış əməliyyatında iştirak etmək üçün Omskdan əlavə qüvvələrin gəlməsi gözlənilir. Daxili İşlər Nazirliyinin bölgə şöbəsindən verilən məlumata görə, axtarış bataqlıq əraziləri olan çətin sahədə aparılır.  
Aleksandr Muraxovski 2020-ci ilin noyabrında Omsk vilayətinin səhiyyə naziri təyin olunub. Bundan əvvəl o, Aleksey Navalnının zəhərlənmədən sonra ilk müalicə aldığı Omskdakı 1 saylı təcili xəstəxananın baş həkimi olub. Navalnı Omskdan Berlinə təxliyə edilib və burada “Charite” klinikasının həkimləri siyasətçidə “Noviçok” qrupundan olan bir maddə ilə zəhərlənmə əlamətləri aşkar ediblər. Omsk xəstəxanasının həkimləri isə Navalnıda zəhərlənmə əlamətlərinin olmadığını israr ediblər. 
Navalnıyı xəstəxanaya yerləşdirərkən müşahidə edən 1 saylı təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoliy Kaliniçenko 2020-ci ilin oktyabrında istefa edib. Navalnıyla məşğul olan başqa bir baş həkim müavini Sergey Maksimişin fevral ayında 55 yaşında ürək tutmasından ölüb. Mart ayında isə Navalnının xəstəxanaya yerləşdirilməsi zamanı bu xəstəxanada işləyən başqa bir həkim - travmatologiya və ortopediya şöbəsinin müdiri Rüstəm Aqışev də  62 yaşında insult nəticəsində ölüb.

 

DİGƏR XƏBƏRLƏR

Top