Maliyyə Nazirliyi müraciət yayıb


Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Müraciətdə deyilir:

"Dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və yaxud mətbu orqanda dərc olunması tələb olunur.

Qanunun 12-1.9-cu maddəsinin tələblərinə əsasən, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnaməsində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, ölkə prezidentinin yaratdığı publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və yaxud mətbu orqanda dərc etdirməsi tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir".

DİGƏR XƏBƏRLƏR

Top