“Dedim ki, oğlumu da öldürün, məni də” – “Tərtər işi” – yüzlərlə işgəncə qurbanı – VİDEO


2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb.
Onlar bildiriblər ki, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb və məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilib və onlar həbs edilib.
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərin adlarını verməkləri istənilib.
Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.
Yeniavaz.com xəbər verir ki “BBC News” Azərbaycanca bu hadisədə həbs edilən və işgəncə gördüyünü deyən şəxslərlə danışıb.
38 yaşlı Bərdə sakini, keçmiş hərbçi Ruslan Məmmədov ci ildə tərtərdə 20 gün işgəncəyə məruz qaldığını deyib:
“Bizim əynimizdə nə qədər paltar var idisə hamsını cırıb çıxardılar. Əynimizdə paltar qalmadı. Qaldırdılar ikinci mərtəbəyə. Orada xərəkdə bir meyit uzadılmışdı. Sifəti pis gündə idi, heç avtomobil qəzası zamanı adam o hala düşmür. Ağzında diş də yox idi. Dedi belə olmaq istəmirsənsə, yerdəki kimi, ya boynuna al, ya da bizə ad ver. 
Gətirdilər balaca otaqlar olan bir yerə. Otaqlarda olanların bəzisi ağlayır, bəzisi zarıyırdı. Qəssəbxana kimi hər yer qan idi. Yeriyən zaman ayağın sürüşürdü. Mənə dedilər ki, ad vermirsənsə, sən getdin işgəncəyə. May ayının 7-dən 27-ə qədər mən işgəncə görmüşəm. Nəinki mən, hamı işgəncə görürdü. Orada elə bir səs gəlirdi ki, insan havalanırdı. Allah çağıran kim, ana çağıran kim, ata çağıran kim...
Mənim ayağımı “skoç”layıb qarmaq kimi bir şeyə keçirtdilər. Başladılar ayaqlarımın altına vurmağa. Ayağımın altından vurduqca, beyin qapağım silkələnirdi. Üstümə bir vedrə soyuq su tökdülər. Bədənimin hər yerinə elektrik cərəyanı verməyə başladılar. Dedilər canını qurtarmaq istəyirsənsə ya ad ver, ya da boynuna al. Ayaq dırnaqlarımı çəkdilər. Sol ayağımdan iki sədəfimi çıxartdılar. Çıxan sədəfin yerinə toku qoşdular. Mənim ondan sonra huşum getdi. 
Mənə dedilər ki oğlunu gətirmişik, digər otaqda toka qoşublar. Dedilər nə deyirsən, sənin oğlunu öldürürlər. Mən də fikirləşdim ki, yalandan necə deyə bilərəm ki, filankəs erməniyə işləyir və ya özüm necə bunu yalandan boynuma ala bilərəm? Dedi kef sənindir, boynuna almırsansa oğlunu öldürəcəyik. Dedim, yalandan kiminsə adını verməkdənsə, belə şərəfsiz kimi ölməkdənsə, oğlumu da öldürün, məni də öldürün. Daha mənim sözüm yoxdur. 
Məni gözüm bağlı halda apardılar maskalıların böyüyünün qarşısına, dedilər ki, nə boynuna alır, nə də kiminsə adını verir, oğlundan da keçdi. Dedi ondan aparın təzədən işgəncə verin. Kapronu əridib əllərimizə, bədənimizə tökürdülər”.
Məsələ ilə bağlı BBC-ə danışanlardan da biri vətənə xəyanət ittihamı ilə həbs edilən Emil Əliyevin atası Abdulnasir Əliyevdir. 1 övladı olan Emil Əliyev 2018-ci ildən həbsdədir. A. Əliyev oğlunun hüquqlarının müdafiəsi üçün Xaçmazdan Bakıya köçüb. “Tərtər işi”ni ən yaxından araşdıranlardan biri də odur:
“26 nəfərin ifadəsi var idi. Onlardan yalnız 11-ni məhkəmələrə dəvət etdilər. Hadisənin 3 şahidi var idi. Heç birinin dəvət olunmaması çox maraqlı bir məqamdır. Çünki hadisəni görən insanlar məhkəməyə dəvət olunmadı. Dəvət olunmamalarının səbəbi isə çox açıq idi. Çünki onlar ifadələrində oğlumun bu cinayəti törətmədiyini bildirmişdilər. Proses boyu qaldırılan bütün vəsatətlər rədd edildi”.
Reportajda “BBC” əməkdaşları həmçinin, mərhum Elçin Quliyevin anası Validə Əhmədova, həbsdə olan Nasir Əliyevin valideynləri Mehman Əliyev və Kübra Əliyeva , mərhum Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva, həbsdə olan Emin Əliyevin anası Leyla Əliyeva və hüquq müdafiəçisi Rəsul Cəfərov ilə də həmsöhbət olublar.
Sözügedən reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top