Pediatrdan həmkarlarına səhv diaqnozla bağlı müraciət: "Baş həkimlərimizin edə bilmədiyini özünüz edin"


“Çoxdan deyirəm ki, uşaq poliklinikalarında qan analizi verməyin. Bəs bu camaat nə etsin? Özəl klinikada 12-18 manat vermək imkanı olmayan nə etsin? Bunu bugünədək başını boş buraxdığımız səhiyyəmizdə düşündülərmi görəsən? Artıq İcbari Tibbi Sığorta tətbiq olunur və hələ də poliklinikanın yalnış, natamam, "troyka" adı ilə insanlara sırıdığı qan ümumi analizinə əsasən müalicə təyin olunur. Uşaqdır e bu, uşaq! Gələcəyimiz!Poliklinika baş həkimləri də səsini çıxarmaz. Çünki kreslosundan, vəzifəsindən olar. Sahə həkimləri də neynəsin, göndərəcək özələ, xəstə deyəcək faiz almaq üçün göndərdi. Baş həkim də otağına çağırıb tənbeh edəcək ki, “səhvdi - düzdü olanımız budur, özəl klinikadan sənə gələn iki manatı qoy elə valideyn burada səhv analizə versin". Bəlkə mən eşitməmişəm, bəlkə indiyə kimi, poliklinika rəhbərləri birləşib qan analizatoru istəyiblər. Ya da onlara da səsinizi çıxarmayın deyə bərk-bərk tapşırıq verilibmiş”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə feysbuk hesabında poliklinikalarda qan analiz cavablarının yalnış göstərilməsindən yazarkən bildirib.
Həkim qeyd edib ki, əvvəlki üsulla hemoqlobin təyini bugünkü gündə yolverilməzdir: “Səhiyyə naziri dəyişib, bəlkə susmaq-susdurmaq qaydası da dəyişib. Poliklinikalara qan analizatoru aparatları verilsin. Köhnə üsul ilə hemoqlobin təyini bugünkü gündə yolverilməzdir. “Sahli” hemoqlobinometrlərinin vaxtı çoxdan bitib. Həm onların vaxtı çoxdan keçib, səhv nəticə göstərir, həm də doğru göstərsə belə yalnız hemoqlobin dəyəri yetərli deyil. 
#usaqpoliklinkasınaqananalizatoruverilsin haştağı ilə paylaşın, hörmətli kolleqalar. Baş həkimlərimizin edə bilmədiyini özünüz edin. Səhv diaqnoz, səhv müalicə və pis nəticə deməkdir. Bu haqda “Youtube” kanalımda da paylaşmışam. Talassemiya daşıyıcılığıın geniş yayıldığı ölkə olaraq MCV dəyəri daxil olmaqla geniş parametrli ümumi qan analizi və ferritin analizi yoxlamadan bizim tək hemoqlobinlə anemiya diaqnozu qoyub dəmir təyin etməyimiz səhvdir”. 
Mütəxəssis pasientin həm poliklinika, həm də özəl xəstəxanada verdiyi qan analizinin fotosunu paylaşaraq poliklinikada verilən qan analizlərini yalnış göstərdiyinə görə sərt tənqid edib:  
“Nümunə kimi bu analizə baxın və bu haqda sizə danışım. Birinci şəkildə poliklinikadakı natamam qan analizinə görə 80 q/l hemoqlobin göstərilib. Bu da ikinci dərəcə anemiya deməkdir. Dəmir təyin olunacaqdı. Əlbəttə mənə göstərildikdə dəmir deposunu istədim. O da oldu norma. Beləliklə, özəl klinikanın nəticəsini istədim. Gördüyünüz kimi hemoqlobin 125q/l. Həmişə yalnız poliklinika nəticəsinə görə dəmir alan uşaqlar arasında bəlkə də neçə-neçə talassemiya daşıyıcıları var ki, qanında dəmir dolub daşır. Artıq miqdarda olan dəmir orqanlara çökür, onların işini pozur, məsələn mədəaltı vəz zədələnərsə gələcəkdə şəkərli diabet inkişaf edə bilər. Bir sözlə, uşaq poliklinikalar qan analizatoru ilə təmin edilməlidir. Bəli, bu özəl klinikaların qazancını xeyli azaldacaq. Bəlkə elə bu sistem xətrinə indiyədək bu iş bu yerdə qalıb. Amma İcbari Tibbi Sığortanın tətbiq olunduğu bir zamanda bu artıq gülüncdür və utancvericidir”.

DİGƏR XƏBƏRLƏR

Top