8 May - Şuşanın azadlığının yarımilliyi


“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq”.
Prezident İlham Əliyev 6 ay əvvəl bu müjdə ilə Azərbaycan xalqının 28 illik bu dərin yarasını birdəfəlik sağaltdı. Lakin bu yara sağalanadək oradan çox qan və gözyaşı axdı. Özünün olmayanı soyqrım və talanlarla ələ keçirmiş ermənilər, Azərbaycanın bu ən dilbər guşəsini acgözlüklə talan etməyə başladılar. Şairlərin, ozanların mədh edə-edə bitirə bilmədikləri Şuşa, şanlı Azərbaycan ordusu tərəfindən azad olunduğu zaman baxımsız, viran halda idi. Lakin artıq bu qədim şəhər həqiqi sahiblərinin etibarlı əllərində çiçəklənməyə üz tutub və aparılan işlər nəticəsində ən qısa müddətdə üzünü yenidən Azərbaycan xalqına açacaq.
Azərbaycan xalqı isə əbədiyyətə qədər Şuşanı ona bəxş edən qəhrəman övladlarına minnətdar qalacaq və hər zaman onları dərin ehtiramla yad edəcək. Dünya hərb tarixinə düşən Şuşanın azad olunması prosesi həm də Azərbaycan xalqının 28 illik sükutunun sadəcə sülhsevər bir xalq olmasından qaynaqlandığını göstərdi. Və sübut etdi ki, lazım gəldiyi anda öz torpaqlarının azadlığı üçün bütöv bir halda canından keçməyə hazırdır.
Artıq 8 may tarixi Şuşanın azadlığının yarımilliyidir. Bəli Şuşanın azad olunmasından 6 ay ötür. Biz artıq hər ilin bu günündə işğalı yox, məhz bu şanlı qələbəni xatırlayacağıq və onun azadlığını artıq çiçəklənməyə üç tutmuş Şuşanın özündə qeyd edəcəyik.
28 il erməni tapdağı altında qalan Azərbaycanın mədəniyyət paytaxtı hər nə qədər əsirlikdə yorğun düşsə də, öz əzəmətindən və vüqarından heç nə itirmədi. Onun bənzərsiz təbiəti, xarı bülbülü, Cıdır düzü, Daşaltı, İsa bulağı, Qırxpilləkan, canlı muzeyi xatırladan yüzlərlə abidələri, saymaqla bitməyən gözəllikləri yenidən Azərbaycan xalqına məxsusdur. Və hər zaman elə qalacaq...

DİGƏR XƏBƏRLƏR

Top