Asılmış meyit aşkarlanan imarət Yevlaxın icra başçısınındır? – Ailədən AÇIQLAMA – YENİLƏNİB


Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, ailədən “Qafqazinfo”ya verilən məlumata görə, həmin evin A. Tağıyevə heç bir aidiyyatı yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".

Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A. Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum R. Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.


***13:37

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. 
Yeniavaz.com
“Yeni Müsavat”a istinadla xəbər verir ki, bu barədə mayın 5-dən 6-na keçən gecə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. 
Bildirilib ki, icra başçısı hüquq mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.
Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.
Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabr ayında Yevlaxın icra başçısı təyin olunub. O, sözügedən təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top