Futbol klubu azyaşlıların energetik içkilər içərkən çəkilmiş fotosunu yaydı – Etiraza səbəb oldu


Xocalı Futbol Klubu özünün feysbuk səhifəsində azyaşlılardan ibarət komandanın üzvlərinin energetik içkilər içərkən çəkilmiş fotosunu paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, azyaşlılara energetik içkilərin verilməsi izləyicilər tərəfindən müzakirələrə saəbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri hətta AFFA-nın işarələyərək futbol klubunu cəzalandırılmasını tələb edib.
Klub fotonu “Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” sərlövhəsi ilə paylaşıb.

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Yeniavaz.com-a açıqlama verib və sözügedən futbol klubunun AFFA-nın heç bir turnirində təmsil olunmadığını bildirib:
“Xocalı Futbol Klubu müstəqil klubdur və indiyə qədər heç bir yaş qrupunda AFFA-nın təşkil etdiyi turnirlərdə təmsil olunmayıb. Amma istənilən halda bizim müvafiq şöbədən onlarla danışılıb və xəbərdarlıq olunub ki, uşaqlara belə zərərli məhsulların verilməsi, onun bu şəkildə reklam olunması düzgün deyil”.
Qeyd edək ki, dünyanın əksər ölkələrində 16 yaşından kiçiklərə energetik içkilərin satılması qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top