Vətən müharibəsi qazisi: "İcra başçısı mənə süpürgəçi işləməyi təklif etdi"


Vətən müharibəsi qazisi, baş leytenant İqbal Səfərov Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun ona “süpürgəçi” işləməyi təklif etdiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən vəzifəli şəxslər dəvət edərək yaşadığı yer üzrə Pirallahı Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin rəisi vəzifəsini təklif ediblər. İ. Səfərov Pirallahı rayon icra başçısı Vasif İmanovun da onu qəbul edərək sözügedən vəzifəyə təyin edəcəyi ilə bağlı söz verdiyini bildirib:
Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İ̇manov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.
Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.
Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:
“Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?
Nəyə əsaslanıb qərara gəldiniz ki, məhz mən buna layiqəm. Yoxsa, mədəni üslubda bizi təhqir etdiyinizin fərqində deyilsiniz? Ola bilər ki, həqiqətən fərqində olmamısınız. Siz o qədər əminsiniz ki, özünüzdən məni bu yolla, üzümə gülə-gülə təhqir edirsiniz?
Döyüşçüyə, zabitə, komandirə süpürgəni necə rəva bilirsən? Axı, bizlər bu çətin imtahanı canımızla vermişik. Ayıb deyilmi sizcə də?”.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfixanov Vəzir Çərkəz oğlu ilə əlaqə saxladıq. O, İnformasiya təminatı və təhlil sektorunun müdiri Rüfət Əhmədovla əlaqə saxlamağımızı və bu barədə saytımıza rəsmi açıqlamamanın veriləcəyini bildirdi. Lakin nə Rüfət Əhmədov, nə də daha sonra dəfələrlə zəng vurduğumuz başçının birinci müavini cavab vermədi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top