Nardaran qəsəbəsində marketlərin qarşısına müxtəlif tutumlu benzin çəlləkləri düzülüb və açıq-aşkar satış həyata keçirilir. Təbii ki, nə təhlükəsizlik, nə də benzin satışını müəyyən edən standartlar var.
Yeniavaz.com "Baku TV"yə istinadən xəbər verir ki, vətəndaşlar qəsəbədə yanacaqdoldurma məntəqəsinin demək olar olmadığını bildiriblər.
Sabunçu Rayon İcra Hakimiyyəti də mövcud vəziyyətdən demək olar bixəbərdir. Halbuki qurumun tabeliyində olan ərazilərdə icazəsiz daşı daş üstə belə qoymaq mümkünsüzdür.
Bir sözlə, qurumlar xəbəri eşidib yaxasını kənara çəkmək üçün ötür-ötür oyununu oynadılar. Elə Energetika Nazirliyi də hadisədən xəbərsiz olduğunu bildirdi. Əslində qaydalara görə benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, plastik qablarda satılan benzinə tələb olduğundan həmin proses də belə demək mümkünsə “çiçəklənir”. Bu tendensiyaya qarşı adminstrativ yolla mübarizə aparılmalıdır.
Məsələn, vergi xidməti plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər.