“Bolt Food” sifariş verməyən şəxsin hesabından da pul tutur? – FOTOFAKT


“Heç bir alış-veriş etmədiyim təqdirdə “Bolt” şirkəti kart balansımdan vəsait çıxır”.
Bu barədə Yeniavaz.com-a paytaxt sakini Fidan Babayeva müraciətində bildirib. Şikayətçinin sözlərinə görə, mobil telefonunda “Bolt Food” tətbiqi olmadığı təqdirdə balansından ard-arda vəsait çıxılıb:
“Bu gün səhər saatlarında “Bolt Food” tətbiqindən balansımdan 1 AZN pul çıxıldı. Halbuki telefonumda o tətbiq yoxdur, yalnız “Bolt”un tətbiqi var. Bir neçə saniyə sonra 56,60 AZN də balansdan çıxıldı. Daha sonra 1 AZN kartın balansına qayıtdı. Həmin vaxt balansımda ümumilikdə 90 AZN var idi. Bir müddət keçəndən sonra bildiriş gəldi ki, 89,60 AZN yetərsiz balans. İki dəfə bildiriş gəldi ki, 64,50 AZN yetərsiz balans. Həmin vaxt “Bolt” şirkətinə zəng vurdum, sosial şəbəkələrdən yazdım cavab vermədilər. Hətta ofislərinə belə getdik, bağlı idi. Kapital Banka da müraciət etdim. Oradan bildirdilər ki, “Bolt”un ödənişlərinə nəzarət edə bilmirlər. Gəlin kartınızı bloklayaq. Bloklayandan sonra yenidən 30 AZN çıxıldı. Banka yenidən müraciət etdim, dedilər, bəzən belə hallar olur. Ən sonda “Bolt” tətbiqində müraciət bölməsindən mesaj yazdım, bir neçə saat sonra cavab verdilər ki, ekran görüntüsü atın araşdıraq. Mənə bir nömrənin son 4 rəqəmini göndərdilər ki, hesabınızdan bu nömrə pul çəkib. Gedin bankınızla əlaqə saxlayın, müvafiq orqanlara da şikayət edə bilərsiniz. Bank sizə lazımi məlumatları verəcək. Mənə göndərilən nömrəni tam şəkildə və “Bolt Food”dan hara sifariş gedibsə, ünvanı istəsəm də mənə vermədilər. Dedilər ki, şəxsi məlumatları üçüncü şəxslə paylaşa bilmərik. Mənim telefon rəhbərimdə, tanışlarımda sonu 1002 ilə bitən nömrə yoxdur. Nə özləri nömrəyə zəng edib məsələni araşdırırlar, nə də nömrəni tam olaraq mənə verirlər. Hələ 25 AZN də balansdan çıxmaq istəyirdilər, lakin kifayət qədər vəsait olmadığı üçün edə bilmədilər. 
Artıq polisə də müraciət etmişəm. Bildirdilər ki, bankdan çıxarış gətirin və ərizə yazın. Maraqlı ondadır ki, kartımda “3D secure” təhlükəsizlik sistemini də aktiv etdirmişəm. Amma mənim kart balansımdan vəsait çıxanda mənə heç bir kod gəlməyib. Bank deyir “Bolt”a müraciət edin, “Bolt” deyir banka müraciət edin. İndi bilmirsən kimə inanasan”. 
Məsələni araşdırmaq üçün Yeniavaz.com olaraq “Bolt” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.







İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top