
Bu gün Vətən müharibəsi şəhidi Pərviz Rüstəmovun doğum günüdür.
Yeniavaz.com xəbər verir ki, P.Rüstəmov 6 may 1992-ci ildə Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırmışdır. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur.
Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə MAXE olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır. Bir müddət nəşi neytralda qalmışdır. Döyüş yoldaşlarının dediklərinə görə, Pərviz döyüşlərdə bir neçə dəfə ayağından yaralansa da, özünə ilk tibbi yardım göstərərək, döyüşə davam edib.
30 oktyabr 2020-ci il tarixində isə, ailəsinə təvil verilmiş və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir. Pərviz Rüstəmov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Pərviz Rüstəmov evin tək və ilk övladı olub. O, lap körpə vaxtlarından valideyn qayğısından məhrum qalaraq, nənə və baba himayəsində böyüyüb.