“Azərsu”dan Xəzərə axıdılan çirkli maye ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO


“Azərsu” ASC Bibiheybətdəki boru kəmərindən çirkab sularının dənizə tökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, qurumun əməkdaşları həmin xəttə baxış keçirib:
“Həmin xəttə Bayıl-Bibiheybət-Lökbatan kollektoruna qoşulması ilə bağlı layihə hazırlanacaq və icra olunacaq. Vaxtilə həmin xətlərlə neft mədənlərinin lay suları axıdılıb. Sonradan bu xətlər “Azərsu” ASC-nin balansına verilib”.

***13:24
Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda “Patovski” adlanan ərazidə çirkli mayenin Xəzər dənizinə axıdılmasını əks etdirən kadrlar yayılıb. 
Yeniavaz.com xəbər verir ki, kadrları lentə alan şəxs sözügedən ərazinin SOCAR-a məxsus olduğunu qeyd edib və dənizə axıdılan mayenin neft olduğunu iddia edib. O, prosesin illərdir ki, bu şəkildə davam etdiyini deyib.
Kadrlarda boru vasitəsilə axıdılan mayenin dənizin suyunun rəngini kəskin dəyişdirdiyi müşahidə olunur:

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən SOCAR İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov bildirdi ki, sözügedən ərazi Dövlət Neft Şirkətinə məxsusdur:
“Lakin görüntülərdəki boru SOCAR-a məxsus deyil. Ola bilər ki, kiminsə ərazisindən dövlətin müxtəlif xətləri keçsin. Bu haqda yaxşı olardı ki, siz “Azərsu”dan soruşasınız”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aidiyyatı şöbəsi ilə əlaqə saxalamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə Yeniavaz.com-a açıqlaması zamanı nazirlik əməkdaşlarının hazırda sözügedən ərazidə araşdırma apardığını bildirdi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top