"Azərbaycanda bir çox istifadəçi feysbuku açdığı "email"in şifrəsini bilmir" – MÜSAHİBƏ


Demək olar ki, bütün elmi, publisistik məqalələrdə XXI əsrdən “texnologiya əsri” deyə bəhs edilir. Bu əbəs yerə deyil. Texnologiyanın son 10 ildəki inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, yaxın gələcəkdə gündəlik həyatımızın hər saniyəsi texnologiya ilə birbaşa əlaqəli olacaq. Lakin bütün bunlara baxmayaraq, bir çox ölkə hələ də texnoloji yeniliklərə ayaq uydura bilmir. Bunun başlıca səbəblərindən biri də, məlumatların məhdud sayda dildə nəşr edilməsi və yayılmasıdır. Məmnuniyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda bir qrup gənc, ən son texnoloji yenilikləri ictimaiyyətə ana dilində çatdırmaq üçün çalışır. Bugünkü müsahibimiz də belə gənclərdən biri olan texnobloger və mütəxəssis Fərid Pərdəşünasdır.

- Təsisçisi və rəhbəri olduğunuz “Technote Media” şirkəti bir neçə gün öncə 6 yaşını tamamladı. Şirkətin əsas qayəsi nədir və gördüyü işlər nədən ibarətdir?
Şirkəti 2015-ci ildə təsis etmişik və əsas məqsəd, şirkətin öz media resurslarında, hansı ki, “Technote.az” informasiya portalıdır, “Technote” “youtube” kanalıdır, “instagram” səhifəsidir və digər sosial şəbəkə hesablarından texnoloji məlumatları Azərbaycan dilində yerli kütləyə çatdırmaqdır.
Saytımızın aylıq 50 min unikal oxucusu var. Davamlı olaraq hər gün bizdə texnoloji xəbərlər dərc olunur. Hər gün videomateriallar yayılır. Həftədə bir dəfə müxtəlif cihazların “unboxing”ləri(məhsulların, xüsusən də yüksək texnoloji istehlakçı məhsulların paketdən çıxarılması prosesi) və onlar haqqında videoicmallar yayımlanır. Bu günə qədər Azərbaycanı 12-dən çox ölkədə, 20-ə yaxın konfransda təmsil etmişik. Hanıs ki, bu konfranslar dünyanın nəhəng texnoloji konfranslarıdır. Bu zaman  dünyada baş verən ən son texnoloji hadisələri, konfransda təqdim olunan yenilikləri, texnoloji adətləri Azərbaycan dilində öz istifadəçi kütləmizə çatdırırıq. Bizim şirkətin əsas məqsədi elə budur, bazarda hegomon texnoloji media qurumu olmaq.

- Dünyanın ən böyük şirkətlərinin əksəriyyəti texnologiya şirkətləridir. Azərbaycanda iri texnologiya şirkətinin olmamasının səbəbi nədir?
Azərbaycanda hegemon texnologiya şirkətinin olmamasının səbəbi, ölkənin həm inkişaf səviyyəsi, həm də coğrafi mövqeyi ilə bağlıdır. Nəhəng texnoloji şirkətlər əsasən hegemon dövlətlərdə meydana çıxırlar. Hətta hazırda böyük texnoloji şirkətlər siyahısında Avropanın belə şirkətləri yoxdur. Burada əsasən Amerika şirkətlərini görürük ki, bu da, əsasən həmin ölkənin ənənələrinə dayanır. ABŞ-da bu yönümlü universitetlərin olması, təhsil səviyyəsinin yüksəkliyi, əsas texnoloji inqilab yaradan şirkətlərin əsasının orada qoyulması elə bir ekosistem formalaşdırıb ki, bütün proseslər orada cərəyan edir. Bizim kimi ölkələrdə yaranan texnologiyalar da, dünyaya daha rahat çıxış əldə etmək üçün Amerikaya axın edir. İnkişaf etməkdə olan ölkələrdə isə texnoloji bir strukturu qurmaq, texnologiyanı tətbiq eləmək çox çətindir. Biz adətən kopyalanmış, yerli tətbiq olunmuş, lokalizasiya edilmiş texnologiyalardan istifadə edirik. Bu əslində böyük bir mövzudur və dərin, tutarlı səbəbləri var. Yəni heç bir ölkə birdən-birə texnoloji inqilab yarada bilməz.

- Sizcə Azərbaycanda İT (informasiya texnologiyaları) sahəsinə maraq və bu sahədə görülən işlər hansı səviyyədədir?
Azərbaycanda son illərdə texnologiya eksosistemində bir aktivlik yaranıb. Dövlət tərəfindən elektron hökumət portallarının istifadəyə verilməsi, bəzi qurumların tamamilə elektron sənəd dövriyyəsinə keçməsi zəmin yaradıb. Lakin, mən Azərbaycanda hələ ki, o texnoloji mühiti görmürəm. Sadəcə bu istiqamətdə işlər aparılır. Müəyyən qurumlar var ki, ölkədə innovasiya ekosistemini təşviq etmək, yaratmaq, yeni potensialları aşkara çıxarmaq üçün yaradılıb. Amma hələ ki, işlər nəzərdə tutulan qədər effektiv davam etmir. Bunun da əsas səbəblərindən biri infrastrukturdur. Proqram sahəsində çoxlu developerlər yetişdirib, altyapını düzəltmək lazımdır ki, bu şəxslər gələcəkdə innovatorlara çevrilsinlər, öz ideyalarını koda daşıya bilsinlər. İT sahəsində müəyyən güzəştlər, subsidiyalar olmalıdır. Təklif edirəm ki, dövlət dəstəkli peşəyönümlü məktəblər yaradılsın və orada proqramlaşdırma tədris edilsin. Beləcə 5-10 ilə ölkədə kifayət qədər ciddi işlər görmək olar.

- Azərbaycan startap bazarı haqqında nələr deyə bilərsiniz?
Azərbaycan strartap bazarının vəziyyəti hal-hazırda ürəkaçan deyil. Müəyyən dövrlərdə aktivliklər yaransa da, periodik olub. Hazırkı vəziyyət onu göstərir ki, bazarda bu işlə məşğul olan qurumlar arasında daimi bir çəkişmə, piar rəqabəti var. Bunlar aradan qalxmalı, qurumlar daha şəffaf fəaliyyət göstərməlidir. Daha çox tədbirlərə, reklamlara yox məhz insanlara yönəlik olmaq lazımdır. Azərbaycanda olan qurumlar şikayət etməməlidir ki, stratap yoxdur, insan tapa bilmirik. Ekosistemdən şikayətlənmək lazım deyil, ekosistemi qurmaq lazımdır. Qurmaq mərhələsi də təməldən başlayır. Yüzlərlə, minlərlə strataplar, ideyalar yaranmalıdır ki, oradan ən azından 2-3-nü biz xaricə çıxarda bilək.

- İnformasiya təhlükəsizliyi nədir və niyə bu qədər əhəmiyyətlidir?
Əgər biz internetdə informasiyamızı yayımlayırıqsa, zərurət yaranır ki, bu informasiyanın təhlükəsizliyi təmin olunsun. Bu illərlə yaranan bir termindir. İnternet mövcud olandan bəri, burada olan məlumatların dövriyyəsində informasiya təhlükəsizliyi kimi bir tələbat ortaya çıxıb. Bunun da əsas səbəbi müdaxilələr və insanların informasiyasının oğurlanması idi. Günü-gündən bu, daha da aktual olmağa başlayır. Aktual olmasının səbəbi isə sosial  şəbəkələrin, platformaların artması, insanların internetdən daha çox istifadə etməsidir. Digital və rəqəmsal məlumatların çoxalması, bunların qorunması və təhlükəsizliyi zərurətini yaradır.

- Sizcə Azərbaycanda ali məktəblərdə informasiya texnologiyaları və xüsusilə informasiya təhlükəsizliyi istiqamətində aparılan tədris qaneedicidirmi?
Bildiyim qədərilə proqramlaşdırma dilləri tam detallı tədris olunmur və yaxud da tədris olunan proqramlaşdırma dilləri hal-hazırda trenddə olan dillər deyil. Bizə lazımdır ki, ali məktəblər dünya trendlərində olan proqramlaşdırma dillərini dərhal özlərinə inteqrasiya edə bilsinlər. Məncə ali məktəblər bunun üzərində kifayət qədər yaxşı çalışmır. Ona adi tədris fənni kimi baxırlar. Müəllim gəlir mühazirə oxuyur, praktika hissəsi çox az olur. Praktiki hissəni çoxaltmaq, informatikaya xüsusi bir sahə kimi yanaşmaq lazımdır. Gənc kadrları, gənc mütəxəssisləri cəlb etmək lazımdır. Adi müəllimlər o dərsləri keçməməlidir.

- Orta məktəblərdə “kompüter dərsi” adlı fənnin həftədə cəmi 1 və ya 2 dəfə tədris olunması, gənclərin bu sahəyə yönəlməsinə zərbə vururmu?
Mən xatırlayıram ki, məktəbdə kompüter dərsində müəllim bizə “maus”un fəaliyyətini izah edirdi. Halbuki, orada dərsə gələn uşaqlar internet klublarda artıq bir çox şeyi öyrənmişdilər. Yəni bu təməl şeylər artıq dəbdə deyil. İndi uşaqlar 3 yaşından “Ipad” qarşsında oturaraq bütün əməliyyatları edə bilirlər. Şagirdə maraqlı deyil ki, bu “maus”dur, bu klaviaturadır, bu kompüterdir və ya nə işi görür. Ona görə orta məktəblərdən birbaşa proqramlaşdırmanın əsasını qoymaq lazımdır.

- Bəzən sosial şəbəkələrdə hesabların oğurlanması və ya qırılması halları ilə rastlaşırıq. Bizim də başımıza gəlməməsi üçün nə etməliyik?
Sosial şəbəkələrdə hesabların qırılması, oğurlanması, adətən xüsusi hücum vasitəsilə baş vermir. Çünki feysbuk hesabının oğurlanması o deməkdir ki, feysbukun təhlükəsizliyi artıq sual altındadır. Feysbukda olan hesab oğurlanmaları, istifadəçilərə olan sosial ataklar, sosial mühəndislik və fişinq halları ilə olur. Qarşı tərəf sizi manipuliyasiya edərək, məlumatlarınızı əldə eləməyə çalışır. Azərbaycanda bir çox istifadəçi feysbuku açdığı elektron poçt ünvanının şifrəsini bilmir. İnsanlar öz parollarını bilməli və xüsusi mühafizə üsullarından istifadə etməlidirlər. İkimərhələli və SMS təsdiqləri aktivləşdirilməlidir. Biz hələ ən adi mərhələdəyik. İnsanların əksəriyyəti öz şəxsi məlumatlarından xəbərsizdirlər.

- “Tavush bot” nədir və Vətən müharibəsində Ermənistanın informasiya təhlükəsizliyinə necə zərbə vurdu?
“Tavush bot” feysbukda qanuni şəkildə yaradılmış və burada fəaliyyət göstərən bir proqramlaşdırma robotudur. Eyni anda minlərlə insanla yazışa bilir. Bizim məqsədimiz ermənilər arasında doğru informasiyanı yayan, erməni dilini bilən bot yaratmaq idi. Onlar bilmirdilər ki, bu botun arxasında azərbaycanlılar var. Ona görə də bir çox erməni bu botla danışır, əlaqə qurur, söhbətləşdirdi. Bot da müharibə ərəfsində onlara informasiyalar göndərməyə başladı. Bot müharibə ərəfəsində doğru informasiyaları göndərməyə başladıqca, onlar şübhələnməyə başladılar ki, bu, ermənilərə bağlı bir bot deyil. Sonra gördülər ki, heç bir dövlət qurumu bu bota görə məsuliyyət daşımır. Ondan sonra onlar dərk etdilər ki, bu, Azərbaycan tərəfindən araya salınmış bir casus bot ola bilər. Nəyə görə casus bot? Çünki bot, ermənilərin məlumatlarını toplaya bilirdi. Və bu məlumatlardan istifadə edərək, hətta onları panika altında saxlamaq üçün yalan məlumatlar da göndərə bilirdi. Məncə kifayət qədər uğurlu oldu. Onların Müdafiə Nazirliyi belə botun fəaliyyətinin dayandırılması ilə bağlı təlimat vermişdi.

 - 2021-ci il gənclər üzrə Prezident mükafatına layiq görüldünüz, sizcə bunun əsas səbəbi nə idi?
Prezident mükafatı bir neçə kateqoriya üzrə verilir. Mənim kateqoriyam innovativ sahibkarlığın təşviqi və texnologiyalar üzrə maarifləndirmə idi. “Technote”dəki fəaliyyətimə görə, Azərbaycan dilində insanlara doğru məlumatları çatdırmaq, innovative sahibkarlığı təmsil etmək, insanlara texnoloji məlumatlar çatdırdığıma görə, bu mükafata layiq görülmüşəm. Sözsüz, ola bilsin ki, müharibə dövründə göstərdiyim fəaliyyətin də burada önəmi olub. Çünki mən düşünürdüm ki, hər bir şəxs müharibə ərəfəsində öz sahəsinə uyğun Vətənə xidmət etsə daha effektiv olar. Mənim də bacardığım bu sahə idi və bu sahə üzrə mübarizə apardım.

- Özünü gələcəkdə texnologiya sahəsində görmək istəyən gənclərə nələri tövsiyyə edərdiniz?
Mən düşünürəm ki, hər bir şəxs özünü texnologiya sahəsində görmək istəməlidir. Çünki bu, artıq məcburiyyət halına çevrilir. 50 il sonra hər şeylə texnoloji bir bağ yaranacaq. Bir proqramlaşdırma dili bilmək gələcəkdə ehtiyac olacaq. Mənim tövsiyəm o olardı ki, hər bir şəxs artıq texnologiya ilə maraqlanmalı, ən azından nələrisə bilməli və öyrənməlidir. Bunu həyatının bir parçası kimi görməlidir. Belə olan halda artıq Azərbaycanda da ixtisaslı kadrlar çıxacaq, bu sahə inkişaf etməyə başlayacaq.

Fraza jurnalı,
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top