Baydenlə Putin Bakıda görüşəcək? – ABŞ analitikləri mümkün yerləri AÇIQLADI


ABŞ analitikləri Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin görüşə biləcəyi şəhərlərlə bağlı ilkin açıqlama veriblər.
Yeniavaz.com
“politico.com”a istinadla xəbər verir ki, Bayden və Putin üz-üzə görüşə hazırlaşarkən köməkçiləri həmin görüşün baş tutacağı yerlə bağlı işlər görürlər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Culia Fredlander güclü hazırlıqların getdiyini, eyni zamanda görüş yerilə bağlı müxtəlif fikirlərin irəli sürüldüyünü bildirib. Analitiklər deyir ki, görüş yeri olduqca vacib məqamdır. Çünki, zirvəyə ev sahibliyi etmək qürurverici hüquqlar gətirir və seçilən ölkə ən azı 24 saat ərzində beynəlxalq diqqət mərkəzinə çevrilir. Müxtəlif media orqanlarının yazdığına görə, artıq bəzi Avropa hökumətləri potensial məkan olaraq şəhərlərini təklif ediblər. Bu cür toplantılar ev sahibliyi etməyə alışmış əsas üç ölkə var. Bunlar, İsveçrə, Finlandiya və Avstriyadır. Beynəlxalq arenada bu üç ölkə “bitərəf” məkanlar sayılır. Çünki, bunların heç biri, Putinin Rusiya və yaxın ətrafı üçün təhdid olaraq gördüyü NATO hərbi ittifaqında deyil.
Keçmiş ABŞ rəsmiləri görüşün baş tuta biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil ediblər. Onlar bildirir ki, İslandiyanın paytaxtı Reykyavik,  Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakı da Bayden-Putin zirvəsinin həyata keçiriləcəyi şəhərlər ola bilər.
“Politico” nəşrinin yazdığına görə, Bakı, ABŞ tərəfi üçün maraqlı bir yer ola bilər. Azərbaycanın həm Vaşinqtonla, həm də Moskva ilə möhkəm münasibətləri olmasına baxmayaraq Baydenin ora getməsi ehtimalı isə azdır:
“Bunun səbəblərdən biri  Ermənistanla Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsidir. Baydenin Bakıya səfəri bir çox erməni amerikalının etirazına səbəb ola bilər. Bayden bu yaxınlarda 1915-ci il hadisələri ilə bağlı “erməni soyqırımı” ifadəsini işlətməsi bir çox ermənini sevindirmişdi”.
Qeyd edək ki, Co Bayden Putinə “qatil” dedikdən sonra Rusiya prezidenti ona can sağlığı arzulayaraq üzbəüz görüş təklif etmişdi. Ağ Ev isə bu təklifə müsbət cavab vermişdi. Daha sonra Bayden 3-cü bir ölkədə görüşün baş tuta biləcəyini və zirvənin iyun ayında həyata keçirilməsinin mümkün olacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top