BMT hesabat açıqladı: Gürcüstan 61-ci, Ermənistan 81-ci, Azərbaycan 88-ci sırada… – SİYAHI


Azərbaycan BMT-nin ötən il üçün hazırladığı "İnsan inkişafı indeksi" hesabatında 189 ölkə arasında 88-ci yerdə qərarlaşıb.

Yeniavaz.com xəbər verir ki, hesabatda Azərbaycanın indeksi 0,756 bal olaraq qiymətləndirilib. Bu indeksə əsasən Azərbaycan orta inkişaf səviyyəsinə uyğun qiymətləndirilib.
Onu da bildirək ki, 2019-cu il üçün açıqlanan hesabatda Azərbaycan 189 ölkə arasında 87-ci pillədə yer alıb. Son bir ildə Azərbaycanın mövqeyi bir pillə pisləşib.
Məlumat üçün bildirək ki, 1990-cı ildən etibarən hər il BMT tərəfindən nəşr edilən "İnsan inkişafı indeksi" dünya ölkələrində əhalinin rifah səviyyəsini göstərən hesabatdır.

Bu indeks insan inkişafının üç ölçüsünü özündə birləşdirir:
- Uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır),
- Təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır),
- Layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti, gəlir əsasında hesablanır).

"İnsan inkişafı indeksi"ndə ölkələr 0-1 balla qiymətləndirilir:
- 0,9 baldan yuxarılar inkişaf səviyyələri çox yüksək olan ölkələr,
- 0,8-0.9 bal arasında olanlar inkişaf səviyyəsinin yüksək olduğu ölkələr,
- 0.5- 0.8 bal arasında olanlar orta inkişaf səviyyəsinə malik ölkələr,
- 0,5 baldan az olanlar inkişaf səviyyəsinin aşağı  olduğu ölkələr.

Azərbaycanla eyni regionda yerləşən ölkələrin "İnsan inkişafı indeksi"ndəki mövqeyi aşağıdakı kimi olub:
51-ci yer - Qazaxıstan – 0,825 bal
52-ci yer - Rusiya – 0,824 bal
53-cü yer - Belarus – 0,823 bal
54-cü yer – Türkiyə – 0,820 bal
61-ci yer - Gürcüstan – 0,812 bal
70-ci yer - İran – 0,783 bal
74-ci yer - Ukrayna – 0,779 bal
81-ci yer – Ermənistan – 0,776 bal
88-ci yer – Azərbaycan – 0,756 bal
90-cı yer - Moldova – 0,750 bal
106-cı yer – Özbəkistan – 0,720 bal
111-ci yer – Türkmənistan – 0,715 bal
120-ci yer – Qırğızıstan – 0,697 bal
125-ci yer – Tacikistan – 0,668 bal
“İnsan inkişafı indeksi”ndə ən yaxşı vəziyyət Norveçə (0,957 bal) məxsus olub. İkinci sırada İralandiya (0,955 bal), üçüncü sırada isə İsveçrə (0,955 bal) yer alıb. İlk beşliyi HonKonq (0,949 bal) və İslandiya (0,949 bal) tamamlayıb.
İnsan inkişafı ilə bağlı hesabatda ən pis vəziyyət Niger (0,394 bal), Mərkəzi Afrika Respublikası (0,397 bal), Çad (0,398 bal), Cənubi Sudan (0,433 bal) və Burindiyə (0,433 bal)  məxsus olub.

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top