Sinifdən səngərə uzanan yol


Haqq savaşında, Vətən Müharibəsində qələbə qansız-qadasız və itkisiz qazanılmadı. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhədəki, istərsə də arxa cəbhədəki cəsurlar hesabına qazandıq. Şəhidlik zirvəsini fəth edən qəhrəmanlar sırasına təhsil ictimaiyyəti üzvlərinin də adı yazıldı. Döyüşə yollanan müəllimlər  arasında 44 günlük müharibəni qələbə ilə başa vurub geri dönənlər də oldu. Onlardan biri Mingəçevir şəhər Baxşəli Şıxəliyev adına 6 saylı tam orta məktəbin Hərbi rəhbər və fiziki tərbiyə müəllimi Raqub Musayevdir. Bu gün Raqub müəllimlə görüşüb keçdiyi döyüş yolu ilə bağlı həmsöhbət olduq. Qəhrəmanımızı yaxından tanıyaq. Raqub Musayev 04.02.1982-ci ildə Mingəçevir şəhərində dünyaya göz açıb. 1989-cu ildə Mingəçevir şəhər 10 saylı orta məktəbinin I sinfinə qəbul olunub. 1999-cu ildə elə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazirlıq və Fiziki tərbiyə fakültəsinə daxil olub. 2003-cü ildə ali təhsilini bitirərək hərbi xidmətə yollanıb. 2003-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. 2004-cü ildə leytinant rütbəsi alaraq ehtiyata buraxılıb. Raqub 2005 -2007-ci illərdə Mingəçevir şəhər Dilqəm Nağıyev adina 9 saylı tam orta məktəbdə, 2009-2012-ci illərdə Mingəçevir şəhər Turizm Kollecində  Hərbi rəhbər və fiziki tərbiyə müəllimi vəzifəsində isləyib. 2012-ci il ildən Mingəçevir şəhər Baxşəli Şıxəliyev adına 6 saylı tam orta məktəbdə Hərbi rəhbər və fiziki tərbiyə müəllimidir. Raqib müəllimlə söhbətimizdə məlum oldu ki, idmana marağı daha çox olub. Deyir ki, uzun illər  futbol ve yüngül atletika ilə məşğul olub və dəfələrlə müxtəlif mükafatlar qazanıb. 1997-1998-ci illlər ərzində Mingəçevir şəhərinin Kür-Nur komandasının tərkibində Azərbaycanın yüksək liqasında cıxış edib. Onu da qeyd edək ki, hərbi xidməti zamanı da idman sahəsində medal qazanıb. 2005-2007-ci illər ərzində Mingəçevir şəhərinin "Energetik" futbol klubunda cixiş edib. Raqub müəllim ailəcanlı gəncdir. Ailəsinə, 3 övladına dəyər verən atalardandır. O, övladlarını da vətənpərvər ruhlu yetişdirir. Raqub müəllim bir oğul, iki qız atasıdır. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. O, vətənpərvər gənc kimi vətənin dar günündə öz borcunu yerinə yetirmək üçün 21.09.2020-ci il tarixində N saylı hərbi hissəyə təlimlərə cəlb olunub.  Gənc leytenantın 27.09.2020-ci il tarixində II Vətən müharibəsində istirakı başlayıb. Taqım komandiri olaraq 28 nəfərlik heyəti ilə  Qapanlı, Qazyan, Cəmilli, Talış, Ağdərənin adsiz yüksəkliklərində, Suqovusan istiqamətində,  Agdərədə  “Tülkü dərəsi”ndə, düşmənin “Arı” postu adlandırdığı yerdə, “530” yüksəkliyində ağır döyüş əməliyyatlarında iştirak edib. Bir neçə dəfə döyüş zamanı təxliyə qrupunun rəhbəri olaraq 6 nəfər şəxsi heyətlə şəhid və yaralıların ərazidən çıxarılmasına nail olub. 28.12.2020-ci il tarixində ordudan  baş leytinat rutbəsi ilə təxris olunub.   
Qeyd edək ki, Raqub Musayev “Suqovusanın azad olunmasi”, ”Cəsur döyüşçü”, ”Vətənin müdafiəsi” medallari ilə təltif olunub. Raqub Musayev bizimlə söhbətində onu da qeyd etdi ki, hər zaman vətənin keşiyində durmağa, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün bir müəllim kimi canından, qanından keçməyə hazırdır: “Bir əsgər kimi fəxr edirəm ki, bu gün azad edilmiş torpaqlarda Azərbaycanın bayrağı dalğalanır. Müzəffər bir əsgər kimi bu torpaqların azad olunmasında iştirak etdiyim üçün dövlətimizlə, Prezidentimizlə fəxr edirəm”.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top