Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejiminin pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər.
Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.
Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.