İlqar Məmmədov: "Həmin rayonlarda, seçki YAP-ın əleyhinə saxtalaşdırılmış kimi görünür"


"Milli Məclisin bir neçə deputatı hələ 1 il əvvəl etdiyim çağırışa nədənsə indi cavab verir. O zaman demişdim ki, 9 fevral növbədənkənar parlament seçkiləri haqqında ATƏT-in yaydığı yekun rəydə yerli dövlət qurumlarının namizədlərə qanunsuz təzyiqlər göstərməsi əks olunub. Bu cür təzyiq əslində cinayətin bir növüdür. Cinayəti isə tər-təmiz işləyən, saf icra başçılarının yox, rəsmən başqa cinayətlərdə ittiham olunan icra başçılarının törətdiyini düşünmək tam məntiqlidir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Respublikaçı Alterntaiv Partiyasının (REAL) sədri İlqar Məmmədov öz “facebook” səhifəsində yazıb və icra başçıları həbs olunan rayonların deputatlarını yenidən istefaya dəvət edib:
“Bu çağırışı edəndə konkret adları düşünmürdüm, məsələyə sırf etik qayda bucağından baxmışdım. Amma madam ki, bəzi deputatlar cavab sözü ilə çıxış etdilər, gəlin görək söhbət kimdən getmiş ola bilər.
Seçkidən sonra 6 icra başçısı həbs edilib: Neftçala, Biləsuvar, Şəmkir, İmişli, Kürdəmir və Cəlilabadın icra başçıları. Bu ərazilərdə yerləşən seçki dairələri və deputatlar bunlardır:

Hakim partiya (Yeni Azərbaycan Partiyası):
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi - Əmiraslanov Əhliman
67 saylı Cəlilabad şəhər seçki dairəsi - Həsənov Malik
68 saylı Cəlilabad kənd seçki dairəsi - Nəsirov Elman
98 saylı Şəmkir şəhər seçki dairəsi - Qafarova Sahibə
99 saylı Şəmkir kənd seçki dairəsi - Həsənov Nurlan
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Bayramov Kamran
102 saylı Samux-Şəmkir seçki dairəsi - Səfərov Nizami

Ana müxalifət (Vətəndaş Həmrəyliyi Partiyası):
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi - Hüseynov Rafael
61 saylı Neftçala seçki dairəsi - Rüstəmxanli Sabir
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi - Ibrahimli Fəzail

Digər müxalifət (Ana Vətən və Milli Cəbhə partiyaları):
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamali Fəzail
79 saylı İmişli seçki dairəsi - Nurullayev Razi

Partiyasızlar:
57 saylı Kürdəmir seçki dairəsi - Ağazadə Əminə
66 saylı Biləsuvar seçki dairəsi - Məhərrəmov Bəhruz

Qəribədir ki, Məclisin tam tərkibinin 12 faizinə bərabər bu seçmə sosioloji baxımdan çox böyük olsa da, bütün Milli Məclisdə yerlərin 58 faizinə malik olan YAP burada cəmi 50 faizlə demək olar azlıqda qalır, yəni çoxluq təşkil etmir. Müxalifət indi Milli Məclisdə cəmi 10 faizə malik olsa da, bu siyahıdakı yerlərin 36 faizi onundur. Yəni həmin rayonlarda, seçki YAP-ın əleyhinə saxtalaşdırılmış kimi görünür.
Bu rəqəmlər seçkidəki anormallıqdan, YAP-a qarşı törədilmiş mümkün ədalətsizlikdən xəbər verir və ATƏT-in rəyinə əlavə qüvvə verir. Sözügedən qəribəlik bütün bu dairələr üzrə təkrar seçkilərin keçirilməsi üçün daha bir məntiqi əsasdır.
P.S. Sarkazm düyməsini burada tapa bilmədim, amma bütün bunlar həm gülməlidir, həm də ölkəmizə yaraşmır.
P.P.S. Ötən seçkidə YAP 50 faiz, müxalifət 36 faiz yer qazansaydı, ölkə demokratiya istiqamətində ciddi irəliləyiş etmişdi. Amma nədənsə bu “irəliləyiş” ancaq icra başçıları sonradan həbs olunmuş dairələrdə baş verdi”.

Xatırladaq ki, İlqar Məmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun həbsindən sonra deputatların istefası ilə bağlı çağırışına Millət vəkilləri Razi Nurullayev və Fəzail Ağamalı sərt reaksiya veriblər.

DİGƏR XƏBƏRLƏR

Top