Bu qurum 113 min manata içməli su alır - TENDER


Bakının Buzovna qəsəbəsində yerləşən “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Treniks Grup” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Treniks Grup” MMC “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nə 113 min 800 manat 50 qəpik dəyərində 23 min 958 ton su satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr içməli su üçün 4 manat 56 qəpik (1 ton su = 1,0416 kub metr) ödəniləcək.
Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,70 manat) müqayisədə 6,5 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Treniks Grup” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Treniks Grup” MMC-nin cəmi 4 ay əvvəl - 07.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə 5 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 154, m.25-də yerləşən şirkətin qanuni təmsilçisi Rəhimov Yaqub Firudin oğludur.
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top