Bir ayağı anadangəlmə olmayan II qrup əlil: “Pensiyamı dayandırıblar” – VİDEO + Rəsmi AÇIQLAMA


Bərdə rayon sakini Mamedov Səbuhi Aydın oğlu, ona II qrup əlilliklə bağlı verilən müavinətin dayandırıldığını, müraciətlərinə isə baxılmadığını deyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələr vasitəsilə video müraciət yayımlayan M. Səbuhi, əmək qabiliyyətini itirdiyinə görə işləyə bilmədiyini və maddi problemlər yaşadığını qeyd edib:
“Ayağımın biri dizdən aşağı anadangəlmə yoxdur. Mənə II qrup əlillik verilib, hər il də komissiyadan keçirirlər. Guya mənim ayağım yerinə qayıdıb gələcək. Yanvar ayından sənədlərimi vermişəm, fevralın 5-i mənim komissiyadan keçmək vaxtım idi. Məni komissiyadan keçirtmədilər. Pensiyamı da dayandırıblar. Ailəli adamam, gözümü dikmişəm mənə verilən o 130 manat pensiyaya. Şikəst adamam, işləyə bilmirəm. Digər ayağımın da barmaqları yoxdur”.
Səbuhi Mamedov həmçinin, ona əlillik yenidən təyin olunmadığı üçün protezlə bağlı da müraciətinin qəbul olunmadığını bildirib:
“İndi protezim də pis haldadır. Müraciət elədim Bakı şəhər protez bərpa mərkəzinə, komissiyadan sənəd verilmədiyi üçün məni qəbul etmədilər”. 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Yeniavaz.com-a bildirildi ki, sözügedən vətəndaşa ömürlük II dərəcə əlillik təyin edilib:
“Bərdə rayon sakini Mamedov Səbuhi Aydın oğlu 05.02.2016-cı ildə şəxsin iştirakı olmadan sistem tərəfindən əlillik 5 il müddətinə avtomatik uzadılıb. Vətəndaşın əlilliyi dayandırılmayıb, müddət başa çatdığından Səbuhi Mamedova məxsus Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron altsisteminə göndəriş daxil edilib. Forma 88-ə əsasən şəxsə II dərəcə ömürlük əlillik təyin edilib. Vətəndaş əlilliyə görə sosial müavinət almaqda davam edəcək”.
Agentlikdən bildirildi ki, vətəndaşın protezlə təmin edilməsi məsələsi də tezliklə həll ediləcək:
“Artıq bununla bağlı Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edilib”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top