Azərbaycan gömrüyündən narazı türkiyəli sürücülər: "Bir millət, iki dövlət belə olmaz" - VİDEO


Son günlər türkiyəli yük maşını sürücülərinin Azərbaycan gömrüyünü keçərkən üzləşdikləri problemlər gündəmdədir.
Yeniavaz.com
xəbər verir ki, “AzadlıqRadiosu”nun əməkdaşı Bakı yaxınlığında “tır parkları” deyilən yerlərdə olub, sürücülərlə danışıb. Sürücülərdən Faruk Koparan bildirib ki, eyni problemlərin heç birini Gürcüstan gömrüklərində yaşamırlar:
“Məsələn, biz Gürcüstandan keçərək, buraya gəlirik. Gürcüstanda gömrük keçid rüsumu 61 dollardır. Qırmızı körpünü keçəndə isə 315 dollar alınır. Yol sənədləri, məsələn mənim maşınımda tezalışan maddə varmış, ona görə də ödəniş alır. Məsələn, Türkiyədə belə bir rüsum yoxdur, bu ödənişi kimsə tələb etməz. Bu çox böyük rəqəmdir. Yəni, Azərbaycan dövləti bizə qardaş dövlət kimi davranmır. Bizim əsas sıxıntılarımız bunlardır”.
Bildirilib ki, sürücülərin çoxu kameraya danışmasalar da, bildiriblər ki, bəzi hallarda onlardan dövlət rüsumundan əlavə pul da tələb olunur. Pulu ödəməyənlər günlərlə sərhəddə gözləməli olur, yük maşınlarında əsassız yoxlamalar aparılır.
Sürücülərdən Muhamməd Özyurd da eyni problemləri yaşadığını bildirib:
“İki dövlət, bir millətik, elə deyirik. Ancaq Azərbaycana gələndə bu iki dövlət, bir millət kimi rəftar görə bilmirik”.

Qeyd edək ki, aprelin 30- da türkiyəli yük maşını sürücülərinin şikayətinə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirib və iddiaların əsassız olduğunu açıqlayıb. DGK bildirir ki, qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır: “Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır”.

DİGƏR XƏBƏRLƏR

Top