Koronavirus səbəbindən vəfat edən Namiq Nağıyevin yaxınları onunla bağlı xatirələrini danışdı - FOTOLAR


28 aprel tarixində koronavirus səbəbindən dünyasını dəyişmiş Təhsil İnstitunun tərkibindəki Metodiki Dəstək Mərkəzinin direktoru Namiq Nağıyevin ölümü onun həmkarları və yaxın dostlarını dərindən sarsıdıb.
Namiq Nağıyevi tanıyanlar Yeniavaz.com-a onun barəsində danışıb. 
Təhsil eksperti Qoşqar Məhərrəmov Namiq Nağıyevi qısa müddətdə tanısa da onunla bağlı daim gözəl xatirələr eşitdiyini bildirib:
"Namiq müəllim deyəndə onun rayona təyinatı, müəllimlərə humanist yanaşması, təhsildə bəyənilməyən, arzu olunmayan halları qısa vaxtda aradan qaldırmağa çalışması onun müsbət reputasiyaya sahib olmasının nəticəsi idi. Mən onunla Təhsil Nazirliyinin bir tədbirində tanış olmuşdum. Həmin tədbirdə görüşüb planlaşdırmışıq ki, Bakıda görüşəcəyik. Görüşmək üçün fevralın 6-sı telefonla danışmışdıq, amma görüşmək  qismət olmadı". 
Qoşqar Məhərrəmov deyir ki, mərhum davranışları, insani münasibətləri baxımdan örnək olacaq insanlardan biri olub:
"Onun davranışlarından, münasibətindən həqiqətən bir təhsil təəssübkeşi olduğu, gözəl bir müəllim olduğu görünürdü. Dostlarından, tanışlarından, onu daha yaxından tanıyan insanlardan eşidilən rəylər onun həqiqətən gözəl bir insan olduğunu göstərirdi. Həm də bir müəllim kimi insani və peşəkar keyfiyyətlərə sahib şəxs idi. Bir müəllim öz vəfatı ilə arxasında buraxdığı gözəl xatirələrıə ölümünü də dərs alınacaq hadisəyə çevirə bilərmiş. Allah rəhmət eləsin".

Təhsil eksperti Cəsarət Valehov da Namiq Nağıyev haqqında öz fikirlərini bölüşüb. Həmkarı Namiq Nağıyevi yaxından tanıdığını və onun çox dəyərli təhsil işçisi olduğunu vurğulayıb:
"Mən onu hardasa 7-8 ilə yaxındır tanıyıram. İşlədiyi müddətdə Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitu var idi, indi adı dəyişib Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzi olub, orada çalışırdı. Bütövlükdə yadımdadır ki, biz ilk dəfə tanış olandan onun müəllimlərin işə qəbulu imtahanlarını keçirərkən yeni əsaslı, yeni qaydalar çərçivəsində sualların hazırlanmasında, məktəb direktorlarının seçimlərinin aparılmasında, ümumilikdə təhsilin məzmunu ilə bağlı ayrı-ayrı istiqamətlərinin daha da zənginləşdirilməsində Namiq müəllimin bilavasitə rolu böyük olub. O həm də təhsil idarəçiliyi sahəsində də bir müddət Şamaxı rayon təhsil şöbəsinin müdiri kimi fəaliyyət göstərib və müddətdə əsas hədəfi Şamaxıda təhsil nəticələrinin daha da yüksəldilməsi, neqativ halların aradan qaldırılması, şəffaflığın qorunması, məktəb direktorlarının daha şəffaf qaydada təyin olunması, seçilməsi prosesıəri üçün əlindən gələni etdi". 
Cəsarət Valehov bildirib ki, mərhum təyinat aldığı bütün sahələrdə uğurla fəaliyyət göstərib:
"İl yarım orada çalışdı və sonradan nazirin əmri ilə Təhsil İnstitunun nəzdində fəaliyyət göstərən Metodik Mərkəzin rəhbəri kimi təyinat aldı. Bildiyiniz kimi metodik iş təhsilin 5 sütunudur. Müəllimlərlə işləmək, məzmunun daha da zənginləşdirilməsi, bütövlükdə müəllimlərin şəxsi töhfələrinin verilməsi həmin məzmun məsələlərində, ümumilikdə təhsilə və müəllimlərin daha yeni  üsul və alətlərdən istifadə etməsi, metodik baxımından zənginləşmə və təkmilləşsi sahəsində onun fəaliyyət planı var idi. Həmin fəaliyyət planını bu yaxınlarda nazirliyə təqdim etmişdi ki, növbəti müddət ərzində daha çox gərgin iş rejimi gözlənilirdi. Amma təəssüf ki, o COVID-19-a yoluxdu və çox dəhşətli bir xəstəlik onu bizim sıralarımıza apardı. Ona Allahdan rəhmət diləyirik".

Namiq Nağıyevin haqqnıda 28 illik dostu və sinif yoldaşı Rəşad Əliyev də öz fikirlərini bölüşüb:
"Uzun illərin dostunu itirməyin üzüntüsü çox ağırdır. Sinifdə partalarımız arxa-arxaya idi deyə, gün boyunca onunla söhbət edərdik, zarafatlaşardıq, dərdləşərdik. Geriyə baxanda o qədər gözəl və mənalı anlarımız olub. Namiq dostlarının xatirində hər zaman gülərüzlü, səmimi, gözəl bir insan kimi qalacaq. İnancımıza görə ölüm son deyil, yeni həyatın başlanğıcıdır. İmtahanı yüngül, savabları günahlarından çox olar, inşaallah. Allah rəhmət eləsin".


DİGƏR XƏBƏRLƏR

Top