"1 saata 3 manat, acınacaqlı vəziyyətdir" - Osman Gündüz


“Dövlət universitetlərində İT (İnformasiya Texnologiyaları) ixtisasından saat hesabı dərs deyən müəllimin 1 saat üçün əmək haqqı 3 manatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, bütün məktəblərdə yuxarı siniflərdə İnformatika ixtisası bilərəkdən məhv edilir:
“Uzun müddətdir ki, bütün dünyada rəqəməsallaşma, süni intellekt və innovasiyaların tətbiqi istiqamətində ciddi çalışmalar müşahidə olunur. Ölkəmizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, konseptual bir yanaşma ortaya qoyulmayıb. Problemlər hədsiz çoxdur. Rəqəmsal transformasiya, texnologiyaların tətbiqi  İT kadrlar olmadan mümkünsüzdür. Bu sahədə də bizdə ciddi problemlər var.
Ümumiyyətlə, diqqətlə müşahidə etsək görərik ki, biz  İT kadrların evini 10 və 11-ci siniflərdə yerindəcə boğuruq. DİM İT ixtisas seçənlərdən İnformatika əvəzinə Kimyadan imtahan götürdüyündən məktəblər, müəllimlər, kurslar, repetitorlar, valideynlər  bütün resursları Kimyaya xərcləyirlər.  Bununla da bütün məktəblərdə yuxarı siniflərdə İnformatika bilərəkdən məhv edilir.
Digər bir məsələ isə bu ixtisası seçən uşaqların ali məktəblərdə necə ixtisasa yiyələnməsi ilə bağlıdır. Adətən yaxşı proqramçılar, praktikaya yiyələnən İT mütəxəssislər universitetdən kənarda, biznes və ya dövlət sektorunda çalışırlar. Hansı ki, aylıq əmək haqları 2500-dən yuxarıdır. Universitetlər məcburdur ki, İT sahəsində təcrübəsi olan, peşəkar kadrları kənardan cəlb etsin. Saat hesabı universitetdə dərs demək isə heç bir halda peşəkar gənc kadrlara sərf etmir.
Nə üçün?
İlk baxışda inanılmaz görsənir, amma təəssüf ki, bu reallıqdır. Hazırda dövlət  universitetlərində bütün İT ixtisasları üzrə saat hesabı dərs deyən müəllim 1 saat üçün cəmi 3 manat  alır. Acınacaqlı vəziyyətdir. Özəl universitetlərdə isə nisbətən yuxarıdır, burada saat hesabı İT ixtisası tədris edən müəllim 1 saat üçün 15-25 manat ala bilir. Təsəvvür edin ki, ən “bərk gedən” dövlət universiteti hansısa şirkətdə və dövlət sektorunda işləyib aylıq 3000 manat alan bir proqramçını, data analitiki  1 saatı üçün 3 manat ödəməklə dərs deməyə dəvət edir? Kim razılaşar buna ? Bunun nəticəsidir ki, biznes və dövlət sektorunda çalışan peşəkar mütəxəssislərin heç birisi dərs deməkdə maraqlı olmur. Maraqlı olanlar, gənclərə nəsə öyrətmək istəyənlər isə universitetdə deyil, yollarda itirdikləri vaxt və stress ucbatından bunu yarımçıq saxlamalı olurlar.
Düşünürəm ki, hökumət təcili bu məsələlərə ciddi diqqət yetirməlidir. Rəqəmsallaşmaya cavabdeh dövlət qurumu NRYTN (Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) bu istiqamətdə səyləri gücləndirməlidir.
Fikrimcə, Təhsil Nazirliyi, Nazirlər Kabineti dövlət ali təhsil sektorunda əmək haqqı məsələlərinə müasir çağırışlar baxımından yenidən baxmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top