Araz Ağalarov Trampla görüşdən sonra başına gələn hadisələri danışdı: “Anladım ki, davam etsəm...”


Tanınmış azərbaycanlı iş adamı Araz Ağalarov ABŞ-ın sabiq prezidenti Donald Trampla əlaqələrindən danışıb.
Yeniavaz.com
xəbər verir ki, Araz Ağalarov “TASS”a verdiyi müsahibəsində Trampla tanışlığından və başına gələn hadisələrdən danışıb. O bildirib ki, Donald Trampın 2013-cü ildə Moskvada keçirdiyi “Miss Universe” yarışından sonra əlaqələri başlayıb:
“Emin (oğlu) Amerikada bir klip çəkmək istəyirdi. Bəzi studiyalarla danışıqlar aparıldı. Ona “Miss Universe” rəhbərliyi ilə görüşmək təklif edildi. Çəkiliş üçün modellərə ehtiyac olduğunu dedilər. Görüş baş tutdu, daha sonra həmin yarışmanın Moskvada keçirilməsi ilə bağlı fikirlərini bizə dedilər. Bununla bağlı məni Las Veqasdakı görüşə dəvət etdilər. Trampla görüşdük və hər şeyi müzakirə etdik. Söhbət üst-üstə üç gün davam etdi. Münasibətlərimiz yaxşı oldu. İşçiləri Donaldın gecə saat üçə qədər restoranda oturduğunu ilk dəfə gördüklərini dedilər. Tramp ümumiyyətlə spirtli içki qəbul etmirdi. Amma əyləncəli bir adamdır”.
Araz Ağalarov deyir ki, Tramp ABŞ prezidentliyinə namizəd olanda onların münasibətləri barədə bəzi yalan xəbərlər yayılmağa başladı: “Əvvəlcə Moskvadakı şou üçün Trampa 18 milyon dollar verdiyimizi dedilər. Sonra rəsm tablosu haqqında hekayələr yaymağa başladılar. Trampın ad günü, məncə 14 iyundur. Əslində mən həmin səbəblə ona rəsm tablosu söz verdim və ABŞ-a göndərdim. Amma tablo ona gedib çatmadı. O vaxta qədər Donald artıq vahid bir Respublikaçı namizədi olaraq göstərilmişdi, FTB tərəfindən qorunurdu. Kəşfiyyat agentlikləri tablo barədə araşdırma başlatdılar. Onun haradan göndərildiyini öyrənməyə çalışdılar. Bunlar fərqli şəkildə mediada işıqlandırıldı. Bildirdilər ki, Putin Trampa 10 min dollar dəyərində tablo hədiyyə edib”.
Azərbaycanlı biznesmen deyir ki, həmin hadisələrdən sonra Trampla görüşlərini dayandırıb:
“Sonra əlaqələrimizi dayandırdıq. Anladım ki, əlaqə saxlamağa davam etsəm, yeni problemlər ortaya çıxacaq. Yaşadığım problem mənim üçün kifayət idi. Bu hadisələrdən sonra hətta, Eminə digər dövlətlərə səyahət etməkdən çəkinmək tövsiyə olundu”.

DİGƏR XƏBƏRLƏR

Top