Xroniki böyrək xəstələri və dializ alanlar da peyvənd oluna bilər


“Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr “COVID-19” risk qrupuna aiddir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib.
Onun sözlərinə görə, xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə, dərhal həkimə müraciət etməlidir.
F. Babayev bildirib ki, həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə “COVID-19” risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.
Həkimin sözlərinə görə, böyrək xəstəlikləri olan xəstələrdə “COVID-19” infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir:
“Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır. Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top